“İndi İrəvanı kapitulyasiyaya bərabər sənəd imzalamaq xilas edə bilər. Paşinyan bunu anlayır”
"Paşinyan sənəd imzalamaq niyyətini onun istefası tələbi ilə etirazlar başlandıqdan sonra təkzib etdi. Erməni baş nazir 10 Noyabr bəyanatının imzalanmasından sonra yaşanan hadisələrin təkrarını istəmir, təkzibi də daxili ictimai rəyə hesablanıb".
Bu sözləri "Sherg.az"a açıqlamaslnda siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, döyüşlərin nəticəsinə əsasən Ermənistanın çətin vəziyyətə düşdüyünü deməyə əsas verir:
"Birincisi, həm canlı qüvvə, həm texnika olmaqla böyük itkilər veriblər. N.Paşinyan 105 itkidən danışsa da, real sayın bunun bir neçə qatı olduğu bəllidir. Yüzlərlə erməni hərbçinin əsir götürüldüyünə, o cümlədən, çoxsaylı qənimət əldə edildiyinə dair görüntülər var.
Azərbaycan ordusu geniş miqyasda irəliləyib. N.Paşinyan 10 kvadrat kilometr olduğunu deyir.
İndi İrəvanı kapitulyasiyaya bərabər sənəd imzalamaq xilas edə bilər. Paşinyan bunu anlayır. Onu da anlayır ki, başladıqları “hərbi kampaniya”nın əsas hədəfi olan beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqinə nail ola bilməyəcək, proses bəyanatlardan uzağa getməyəcək".
Siyasi şərhçinin qənaətincə, Ermənistanın çıxış yolu ikinci məğlubiyyət sənədinə imza atmaqdır:
" Paşinyan Ermənistan tərəfi sənəd imzalamaq istədiyini bildirdi. Həmin sənədə görə onları satqın adlandıracaqlar, hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar. Lakin Ermənistanın təhlükəsizliyini, davamlı sabitliyini və sülhü təmin etmək üçün bunu etməlidirlər.
Nikol əlavə edir ki, Azərbaycan ordusunun de-fakto dayandığı ərazilər daxilində ərazi bütövlüyünü tanımağı tələb etsə, razılaşmayacaqlar.
Deməli, İrəvan Bakının 5 şərti əsasında sülh müqaviləsinə razıdır. Əvəzində Ermənistanın nəzarət etdiyi 29,8 min kvadratkilometr ərazini qorumağa çalışır. Yəni SSRİ dövründə ermənilərə verilən Azərbaycan torpaqlarını da saxlamaq istəyir.
Bakının bununla razılaşmayacağı bəllidir".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu açıqlayıb. N. Paşinyanın sülh sazişi ilə bağlı çıxışından qəzəblənən ermənilər etiraza qalxıb.