"Azərbaycanın 2023-cü il üçün müdafiə və təhlükəsizlik xərclərini 5 faiz artırması təsadüfi deyil. Çünki Azərbaycan Ordusunun hazırda yerinə yetirdiyi vəzifə və tapşırıqların miqyası əvvəlki illərlə müqayisədə daha da çoxalıb".
Bu fikirləri "Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusu öz tarixi torpaqlarında vəzifələrini icra edir:
"Dünyada qiymət artımı da mövcudur. Orduya görə alınan ərzaqdan tutmuş silaha qədər hər bir avadanlıq, vasitə və silah dəyərlərində də bəlli artım müşahidə edilməkdədir. Azərbaycanın gələcəkdə ərazilərimizi, müstəqilliyimizi qorunmasında, təhlükəsizliyinin təmin olunmasında heç bir xərcdən çəkinmir.
Həmin xərclərin zərurət yarandığı miqdarda artırılması davam edəcək. İstənilən halda müsbət addımdır. Müdafiə və təhlükəsizlik sektorunda çalışan hərbçilərin, eləcə də vətəndaşların rifah səviyyəsinin yüksəldilməsində müsbət rol oynaya bilər".
Qeyd edək ki, Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri 5 faiz artırılır. Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhülkəsizlik xərclərinin 5 320,1 milyon manat olması nəzərdə tutulub. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,6% çoxdur.