7 saatlıq CAVAB ƏMƏLİYYATI! - “Düşmənin planları alt-üst edildi”


"Sentyabr ayının 12-13-də gecə saatlarından başlayaraq Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatlar onların revanşist siyasətdən əl çəkmədiklərinin göstəricisidir.  Ermənilər sülh müqaviləsini imzalamaqdan boyun qaçıraraq, süni əngəllər törədirlər".
Bu fikirləri "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov söyləyib.
Parlamentarinin sözlərinə görə, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Ermənistan təxribatlara əl atır:

"Ayıq-sayıq qüvvətli Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Ermənistan Vətən müharibənin ardınca Rusiya, ABŞ, Avropa ölkələri ilə silah tədarükü edirdi. Azərbaycanla sərhəddə hərbi bazalar qururdular. Ölkəmizin irəli sürdüyü bütün sülh təklifləri Ermənistan tərəfindən sabotaj edilirdi. 

Ermənilərin sentyabr ayının 12-13-də həyata keçirdiyi genişmiqyaslı təxribat 2020-ci ilin 12 iyul tarixində Tovuz istiqamətində Ermənistanın başlatdığı təxribatla eynilik təşkil edir”. 

C. Osmanov diqqətə çatdırıb ki, Azərbaycan Ordusu cəmi 7 saat baş tutan unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir, qurduğu planları alt-üst etdi:

" Ermənilər deziformasiya yayaraq da təxribat törədirdilər. Heç bir fakta söykənməyən "feyk" xəbərlər tirajlayırdılar. Bir müddət sonra dünya bunun təxribat olduğunu gördü. Ermənistan müxtəlif platformalarda Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq istəyir, amma nail ola bilmirlər. Ermənistan işğalçılıq siyasəti yürüdür. Ermənistanın yenə başına dəyən "Dəmir yumruq" bütün sahələrdə böhranı dərinləşdirdi. İrəvanda mitinqlər başlayıb. Ölkədə xaotik vəziyyət yaranıb, vətəndaş qarşıdurması astanasındadır. 

Günah erməni siyasi rəhbərliyinin üzərinə düşür. Onların revanşist siyasəti nəticəsində bu ölkə acınacaqlı durumdadır.  Ermənistanın respublikamıza və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. 

"Dəmir yumruğ"un yerində olduğu Ermənistana bir daha sübut olundu. Növbəti dəfə təxribat törədilərsə, qarşısı daha sərt və qətiyyətlə alınacaq. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Adekvat addım atmasalar, acı nəticələrə gətirib çıxaracaq".

Qeyd edək ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır.