"Türkiyə ilə Azərbaycan qardaş dövlətdir. “Şuşa Bəyannaməsi”ndən sonra iki dövlətin əlaqələri ən yüksək səviyyəyə çatıb. İqtisadi, siyasi, elmi, mədəni, hərbi münasibətlər müsbət yöndə irəliləyir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Onun sözlərinə görə, qardaş Türkiyə sərhəddəki son hadisələrdən narahatdır:
"Türkiyəylə Azərbaycan birgə ortaq təlimlər həyata keçirir. Hərbi Hava Qüvvələrinin, Quru qoşunlarının, Xüsusi Təyinatl Qüvvələrin, Artilleriya qoşunlarının, Rabitə qoşunlarının taktiki təlimləri baş tutur. Türkiyənin çətin anlarında Azərbaycan yanındadır. Həmçinin əksinə, Türkiyə yanımızdadır.
“Şuşa Bəyannaməsi”nin əsas məzmunu odur ki, Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycana hücumdur. Ona görə türk lideri R.T.Ərdoğan son baş verən proseslərə həmişə olduğu kimi reaksiya verdi. Azərbaycan və Türkiyənin Baş Qərargah rəislərinin telefon danışığı da bu istiqamətdədir. Azərbaycana hər cür dəstək verəcəklərini açıqlayır. Ölkəmiz güclüdür, Ermənistanın cavabını artıqlaması ilə verir. Türkiyənin mənəvi, siyasi dəstəyi böyükdür".
E.Həsənlinin qənaətincə, Türk dünyası Azərbaycanın tək olmadığını bilir:
"1918- ci ilin sentyabrın 15-də Bakının qurtuluşunu qeyd etdik. Nuru Paşanın komandanlığı ilə Bakı azad olunub. Çanaqqala zəfərində Azərbaycan şəhid verib. Ölkəmizin dörd bir yanında türk şəhidlərinin məzarı var, azərbayxanlılar onları ehtiramla yad edir. Azərbaycan türkləri İstiqlal savaşına dəstək verib. Azərbaycan Xalq Cümhuriyyəti türklərlə birlikdə qurulub. Müstəqilliyimizi ilk tanıyan dövlət Türkiyədir.
44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti və xalqı ölkəmizin yanında idi. Bakının azad olunması 100 illiyinin 2018-ci ilin sentyabrın 15-də Azadlıq meydanında paradla qeyd edildi. Eləcə də, Qələbə münasibətilə dekabr ayında da birgə Zəfər paradı keçirildi. Bu Türkiyə Azərbaycan qardaşlığının bariz nümunəsidir".
Qeyd edək ki, sentyabrın 15-də Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri arasında telefon danışığı olub.