Xırdalana gedən vətəndaşların işi daha da çətinləşdi

Hərəkət sisteminə edilmiş dəyişiklik uğursuz olub

  Bir neçə gün əvvəl Bakı-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur "VAZ dairəsi"ndə hərəkət sxeminə dəyişiklik edilib.
  Dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola - Xırdalana dönmək ləğv olunub. Belə ki, indi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb.
  
Bununla bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə dəyişikliyi uğursuz hesab etdiyini deyib: 

“ Lakin “VAZ dairəsi”ndə hərəkət sxemində edilmiş dəyişikliklə bağlı rəsmi qurumların (AAYDA və DYP-nin) əməkdaşları ilə fikir mübadiləsi apardıq. Məlumat verdilər ki, indi tətbiq edilən dəyişiklik hələ tam deyil, yekunlaşmayıb. Hərəkət sxeminin səmərəli edilməsi istiqamətində yaxın günlərdə yeniliklər olacaq. 

  Ümumiyyətlə, bildiyiniz kimi, həmin körpü Bakı-Sumqayıt yolunun üstündən keçən dairəvi yolun bir hissəsi olacaq. Həmin dairəvi yol Abşeron yarımadasının şimal tərəfindəki qəsəbə və kəndlərdən gəlir, Novxanı, Saray və Xırdalandan keçməklə Bakı-Şamaxı yoluna birləşməlidir. 

Hələlik işlər yarımçıqdır, körpü böyüdüləcək və Bakı tərəfdən Xirdalana gedərkən körpünün altından keçib sağa dönərək körpünün üstünə qalxmaq üçün keçid yol olacaq. Lakin bu işlərin icrası hələlik dayandırılıb.

  Yaxın günlərdə isə ləğv edilmiş dairədən Saray istiqamətində daha yaxın məsafədən (bir neçə yüz metr) geriyə dönüb Xırdalana getmək üçün geriyə dönmə yerinin yaradılması müzakirə olunur.

 Ümid edirəm ki, həmin ideya həyata keçsə, yeni sxemin yaratdığı çətinlik, yəni təxminən 3 km-dən sonra geriyə dönmə problemi həll olunacaq, Xırdalan istiqamətinə dönmə daha rahat olacaq, dairədə pik saatlarda müşahidə edilən sıxlıq azalacaq.