Toğrul İsmayıl: “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir”

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı əli güclüdür

Ermənistan beynəlxalq hüquqa görə öhdəliklərinə əməl etməlidir

 Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Ermənistanın Zəngəzur bölgəsində Rusiya konsulluğunun genişləndirilməsi məsələsini müzakirə edib. Rəsmi məlumatda qeyd olunub ki, bura strateji əhəmiyyətli regiondur: "Diplomatik nümayəndəliklərin genişləndirilməsi və onların sayının artırılması ölkələrimizin maraqlarına uyğundur". Həmçinin, Lavrov qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır: "Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün lazımi yardımı göstərməyə hazırıq". Rusiyalı nazir əlavə edib ki, Moskvanın nöqteyi-nəzərindən bu razılaşmalar, xüsusən də regiondakı mövcud vəziyyət fonunda hələ də aktualdır və regional təhlükəsizlik məsələsi Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində mühüm yer tutur: "Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir. Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir". Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Zəngəzur dəhlizinin açılmalı olduğunu vurğulayıb. Ermənistan Baş naziri Nikol Paşinyan isə yenidən “Sülh qovşağı” layihəsini xatırladıb: "Sülh qovşağı regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasını, o cümlədən Ermənistan ərazisindən Azərbaycan -Azərbaycan və Azərbaycan ərazisindən Ermənistan marşrutu üzrə kommunikasiyaların açılmasını nəzərdə tutur". 
Zəngəzur dəhlizinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilməsi 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulub. Ancaq Ermənistanın bu təklifə qarşı çıxması Rusiyanın dəhliz üzərində nəzarət ambisiyalarını çətinləşdirib. Üstəlik, Ermənistan ABŞ ilə hərbi əməkdaşlıq müqavilələri imzalayaraq və Avropa Birliyi "missiyası"nı Azərbaycan-Ermənistan sərhədinə yerləşdirib və Rusiyanın regiondakı təsirini daha da zəiflədib. Məlumat üçün onu da qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində (Zəngəzur bölgəsi) baş konsulluğun açılması ilə bağlı razılaşmanı təsdiqləyib. Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda ikinci olacaq, birincisi Gümrüdə yerləşir.

 Ankara Universitetinin professoru, siyasi şərhçi Torğul İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi Rusiya üçün xüsusi önəm kəsb edir. Professorun sözlərinə görə, son dönəmlərdə ciddi sanksiyalara məruz qalan Rusiya Zəngəzur dəhlizi üzərindən İran və Türkiyə ilə rahat şəkildə iqtisadi-ticari əməkdaşlığını davam etdirə bilər: 
"Əlbəttə, bu məsələ Rusiyanın bölgəyə nəzarət etməsi ilə də bağlıdır. Ermənistan Qərbin təzyiqi ilə Rusiyanı ölkədən sıxışdırıb çıxarmağa çalışır. Amma unutmayaq ki, 10 noyabr üçtərəfli anlaşmasına görə, Ermənistan Zəngəzur bölgəsindən dəhlizə razılıq verməlidir. Üçtərəfli razılaşmaya əsasən, dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi də ayrıca şərtlərdən biridir. Azərbaycan üçün bu məqam çox da önəmli deyil. Bakı üçün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Beynəlxalq hüquqa görə də Azərbaycanın öz əraziləri arasında bağlantısı, əlaqəsi maneəsiz şəkildə təmin olunmalıdır. Ona görə də İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir. Həm üçtərəfli bəyanata, həm də beynəlxalq hüquqa əsasən, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı əli güclüdür. Düzdür, Qərb ölkələri buna başqa cür baxır. Hər kəs öz oyununu oynamağa çalışır. Amma Azərbaycanın əlində çox ciddi vasitələr var. Rusiyanın da dəhlizlə bağlı tələbi, istəyi anlaşılandır. Bizim üçün önəmli olan maneəsiz, əngəlsiz keçidin verilməsidir. Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizdə hər hansı gömrük-sərhəd prosedurunun olması yolverilməzdir".

T.İsmayıl Rusiyanın bu məsələdə Ermənistanı razı salıb-salmayacağı məsələsini bu cür cavablayıb:
 "Bu, Moskva-İrəvan arasındakı münasibətlərdən asılıdır. Yenə deyirəm, Ermənistan beynəlxalq hüquqa görə öhdəliklərinə əməl etməlidir. Dünyada bənzər təcrübələr var. Məsələn, ən klassik örnək Rusiya ilə Kalininqrad arasındakı əlaqədir. Rusiya ilə Kalininqrad arasındakı yol Avropadan, Litva ərazisindən keçir və heç bir maneə yaradılmır. Bunu nümunə almaq mümkündür. Yaxud Alyaska ilə ABŞ arasındakı keçidlərin necə, hansı formada tənzimlənməsi də nümunə ola bilər.