Dünyada yeni siyasi-iqtisadi düzən formalaşır
Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik edib, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğulayıb. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin həyata keçirilməsinin Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirib. Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə məlumat verib. Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd edib. Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Sonra imzalanma mərasimi olub.
Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin (Sİ) təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar keçirilir. Dünya İqtisadi Forumu (DİF) ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində baş verən ən mühüm dəyişiklikləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əhəmiyyətli bir platformadır. Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən bu nüfuzlu forumda respublikamızın iştirakı dünyada cərəyan edən iqtisadi meyillər haqqında dolğun məlumatlar almağa, eyni zamanda, ölkəmizin iqtisadi potensialı, xarici investisiyaların cəlb olunması imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların verilməsinə əlverişli şərait yaradır. Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları və biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etmək olub. 1979-cu ildən isə bu nüfuzlu forumun mütəxəssisləri tərəfindən “Dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzələr hazırlanıb. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilib. İqtisadi xarakter daşımasına baxmayaraq, DİF dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir, beynəlxalq aləmdə dünyanın iqtisadi mənzərəsi haqqında aydın təsəvvür yaradır. Toplantıda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
Prezident İlham Əliyev də ötən illər ərzində Forumda fəal iştirak edib. Dövlət başçısı Forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Ölkə rəhbəri DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında, həmçinin pandemiyadan sonra 2023-cü ilin yanvarında reallaşan toplantılarında da fəal iştirak edib.
Millət vəkili Samir Vəliyev "Sherg.az"a deyib ki, Azərbaycan 1995-ci ildə ilk dəfə olaraq Davos İqtisadi Forumunda iştirak edib. Deputatın sözlərinə görə, 2007-ci ildən etibarən mütəmadi olaraq ildə bir dəfə keçirilən Forumda Azərbaycanın iştirakı artıq ənənə halını alıb:
"Davos İqtisadi Forumunun başladığı gün dünyanın ən böyük ölkəsi ABŞ-nin yeni prezidentinin inauqurasiyası idi. Məsələ ondadır ki, ABŞ-nin yeni administrasiyası dünyaya baxışını tamamilə dəyişib. Bayden administrasiyasından fərqli olaraq Trampın siyasətinin əsas kökünü birmənalı olaraq bütün məsələlərdə ABŞ-nin iqtisadi maraqları təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin mötəbər tədbirdə, Davos İqtisadi Forumunda iştirakı göstərir ki, Azərbaycanın bu Foruma verə biləcəyi kifayət qədər məsələlər var. Forumda iştirak edən dövlətlər Azərbaycana böyük maraq və diqqət göstərirlər. Bu da Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətinin, regional və qlobal siyasətinin, iqtisadi gücünün təzahürüdür. Ölkəmizdəki siyasi-ictimai sabitlik Azərbaycanı daha cəlbedici ölkə etməkdədir. Ona görə də dünyanın ən iri şirkətləri ölkə Prezidenti cənab İlham Əliyevlə görüşməyə can atırlar. Çalışırlar ki, Azərbaycanda hansısa sərmayə qoyuluşuna razılıq alsınlar. Dövlət başçısının aparıcı şirkətlərin ali rəhbərləri ilə görüşündə onların Azərbaycanda yaranmış münbit iqtisadi şəraitdən istifadə etmələrinə razılıq verilməsi mümkündür".
Parlament üzvü əlavə edib ki, cənab Prezidentin siyasəti açıq və şəffafdır:
"Ölkə başçısı bütün siyasi-iqtisadi məsələləri ikitərəfli, qarşılıqlı münasibətlər üzərində, Azərbaycanın maraqları çərçivəsində qurur. Davos İqtisadi Forumu çox geniş və unikal bir platformadır. Təbii ki, Azərbaycan üçün də böyük önəm kəsb edən platformadır. 2007-ci ildən Forumda ardıcıl iştirakımız Azərbaycanı iqtisadi cəhətdən yeni, qüdrətli ölkə olaraq nümayiş etdirməkdədir. Artıq dünyada yeni siyasi-iqtisadi düzən formalaşmaqdadır. Azərbaycan da bu prosesdə özünəməxsus rol oynayır. Azərbaycan öz sözünü demiş, Cənubi Qafqazın ən qüdrətli dövlətidir. Azərbaycan iqtisadi sahədə rəqabət qabiliyyəti indeksinə görə MBD dövlətləri arasında liderdir. Azərbaycanın iqtisadi dayanıqlılığı dünyaya gedən müsbət proseslərə təsiri ilə səciyyələnir. Enerji resurslarımız, logistika-tranzit imkanlarımız dünya ölkələri tərəfindən yüksək dəyərləndirilir".