Qəza ilə bağlı dezinformasiyaların yayılması Rusiya FTX-nin fəaliyyətinin nəticəsidir -ŞƏRH

Rusiya var-gücünü işə salaraq cinayəti ört-basdır prosesini başa vurmaq niyyətindədir


AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, Braziliyaya göndərilən "qara qutular"ın oxunması prosesi başa çatıb və onlar geri qaytarılıb.
Kanat Bozumbayev qeyd edib ki, Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq: “Bu, genişmiqyaslı beynəlxalq səviyyəli işdir. Növbəti həftə ölkəmizin Nəqliyyat Nazirliyi ilkin nəticələri ictimailəşdirəcək.ICAO-nun tövsiyəsinə uyğun olaraq, ilkin nəticələr hadisə baş verdikdən sonra 30 gün ərzində açıqlanmalıdır. Bir sıra çətinliklər var, amma komissiya işini vaxtında yekunlaşdırmalıdır. Eyni zamanda Qazaxıstanın Baş Prokurorluğu tərəfindən də cinayət işi açılıb. Nəqliyyat prokuroru Timur Süleymenovun nəzarəti altında aparılıb. Həmin cinayət işi üzrə ballistik və partlayış-texniki ekspertizalar keçirilib. Hazırda bu istiqamətdə də istintaq davam edir”.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Politoloq Elçin Alıoğlu "Sherg.az"a deyib ki, Bakı-Qroznı marşrutu ilə uçan "Azal" şirkətinə məxsus "Embraer E190AR" təyyarəsinin vurulması danılmaz faktdır:

"Guya pilotların dispetçerlərlə danışıqlarının yayılması və bunun stenoqramlarının açıqlanması "Baza" saytında olub. Sonra Rusiyanın teleqram kanalları həmin feyk məlumatları geniş şəkildə yayıblar. Rusiya bütün bunları bilərəkdən edir. Digər tərəfdən daha əvvəl "Komsomolskaya Pravda"da Azərbaycana qarşı hücumların olması ilə indiki məsələni eyni situasiya saymaq olar. Təyyarə qəzası ilə bağlı dezinformasiyaların yayılması Rusiya Federal Təhlükəsizlik Xidmətinin və rəsmi Moskvanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Kremlin göstərişi olmadan bu cür məlumatlar yayıla bilməz".

Politoloqun fikrincə, Rusiya var-gücünü işə salaraq cinayəti ört-basdır prosesini başa vurmaq niyyətindədir:
"Rəsmi Moskva heç cür qəbul etmək istəmir ki, Azərbaycanın sərnişin təyyarəsi Qroznı səmasında Pantsir-S1 hava hücumundan müdafiə kompleksi vasitəsilə vurulub. Rusiyalı dispetçerlər cinayətkarcasına Azərbaycan təyyarəsinin 4 hava limanına enməsinə imkan verməyiblər və Aktauya göndəriblər. Məqsəd isə o olub ki, təyyarə bəlkə Xəzər dənizinə düşər, beləliklə də izlər tamamən itər. Amma pilotların peşəkarlığı nəticəsində bu plan baş tutmayıb. Ümumiyyətlə Azərbaycan sözügedən məsələdə Rusiyaya qarşı mövqe tutmur. Rəsmi Bakının məqsədi işin obyektiv və ədalətli araşdırılmasıdır. Rusiya istəmirsə, bu, onun öz işidir. Lakin qarşı tərəf heç bir vəchlə nə işi ört-basdır edə biləcək, nə də cinayəti törədənlər məsuliyyətdən kənarda qalacaq".