Ermənilər Azərbaycan və Türk dillərini öyrənməyə başladılar  - SƏBƏB?

Professor Qafar Çaxmaqlı: "Ermənistanda Azərbaycan və Türk dillərini mükəmməl bilən adamların sayı olduqca çoxdur.  Ermənistan dövlətinin bu sarıdan problemi yoxdur"

Ermənistanın dörd məktəbində Azərbaycan dili dərsləri keçirilir. Bundan əlavə, 9 məktəbdə türk, 7 məktəbdə fars və 3 məktəbdə gürcü dili tədris olunur. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan yerli mediaya açıqlamasında Azərbaycan dilini bilməyin vacibliyini önə çəkib. 

 
"Qırx dörd günlük müharibədə azərbaycanlıların erməni dilini bir çox hallarda ləhcəsiz səviyyədə bilməsini döyüş meydanında gördük. Onlar öyrənmişdilər və indi də məktəblərdə öyrənirlər" - deyə erməni nazir bu sahədəki “boşluğu” doldurmaq istiqamətində “addımlar atıldığını” bildirib. “Biz yuxarı siniflərdə seçmə fənn kimi türk və Azərbaycan dillərini təklif etmişdik. Məktəb direktorlarından biri ilə şagirdlərin təklifə reaksiyası barədə maraqlandım və o bildirdi ki, uşaqlar hər iki dili seçiblər. Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”. Nazir deyib ki, təhsil ya dərnəklər formatında, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var. Təlimin formatından asılı olaraq müəllimin peşəkar keyfiyyətlərinə olan tələblər də dəyişir. Dərnəklər formatında bir məcburi şərt tətbiq olunur - müəllimin ali peşə təhsili olmalıdır. Söhbət üçüncü xarici dilin tədrisindən gedirsə, o zaman ölkənin ümumtəhsil müəssisələrinin müəllimlərinə dair tələblər (pedaqoji ixtisas, iş təcrübəsi, yenidənhazırlanma, attestasiya və s.) tətbiq edilir. Ermənistanda kadrların kifayət qədər olub-olmaması ilə bağlı suala nazir əmin edib ki, onlara regionun bu və ya digər dilini öyrətmək istəyən mütəxəssislərdən çoxlu məktublar və zənglər gəlir və hətta bu cür tədrisi təşkil etmək istəyən məktəblərin siyahısı da təqdim olunur. Bu siyahıya hazırda 400-ə yaxın təhsil müəssisəsi daxildir. Digər bir mühüm məsələ həm müəllimlər, həm də tələbələr üçün kurikulumların, dərsliklərin, dərs vəsaitlərinin, tədris materiallarının hazırlanmasıdır. Bununla bağlı nazir qeyd edib ki, proqramlar mütəxəssislər və Yerevan (İrəvan - M.R.) Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Peşəkarlar öz rəylərini bildiriblər, bundan sonra Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin fərmanı ilə bu proqramların məktəblərdə istifadəsinə icazə verilib.“Hazırda layihə sınaqdan keçirilir və nəticələrə əsasən dərsliklərin tərtibi prosesinə başlanılacaq. Ermənistanın ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb. Proqrama əsasən, Azərbaycan və türk dillərinin tədrisi yalnız 10-12-ci sinif şagirdləri üçün, gürcü və fars dilləri isə ibtidai və orta siniflərdə tədris olunacaq. 

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, Türkiyə Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Şərq” ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda erməni dilinin öyrənilməsinə yanaşma fərqlidir: 



- Öncə onu deyim ki, Ermənistanda Azərbaycan və Türk dillərini mükəmməl bilən adamların sayı olduqca çoxdur.  Ermənistan dövlətinin bu sarıdan problemi yoxdur. Çünki Ermənistanda Azərbaycan və Türk dillərini öyrənilməsi işinə hələ Sovet hakimiyyəti illərindən  önəm verilirdi. Xüsusən Türk dilini akademik səviyyədə mənimsəmə praktikası mövcud idi və SSRİ ideoloji olaraq mübarizədə Türk dilini bilən ermənilə üstünlük verirdi. O vaxtdan İrəvan Dövlət Universitetində kafedra  fəaliyyətdədir.  İndi onu genişləndiriblər. Azərbaycanşünaslıq və Osmanlışünaslıq kursları da açılıb. Dillərimizi bilən mütəxəssislər yetişdirmə işi dövlət səviyyəsində aparılır. Vaxtilə EDU- da görüş keçirərkən Xocalı cəlladlarından olan keçmiş müdafiə naziri Seyran Ohanyan demişdi ki, dümənin dilini bilməliyik ki, onunla öz dilində mübarizə edə bilək.  Ermənistan Elmlər Akademiyasında da analoji şöbələrin olması strateji olaraq Azərbaycan və Türkiyəyə hədəflənib. Və bunla kifayətlənmirlər. Mətbuatdan oxuyuram ki, hardasa Azərbaycan dili kursu açıblar, oraya maraq göstərənlər də xeylidir. İndi həmin düşmənçilik ideolojisini  orta məktəblərə qədər endiriblər. Gözünə başqa dilləri də qatmaqla tədris prosesini də Azərbaycan və Türkiyə qarşı  ciddi hazırlıq mərhələsinə keçiriblər. 
Bizdə bu məsələyə, yəni erməni dilinin öyrənilməsinə yanaşma fərqlidir. Sovet vaxtı bizdə erməni dilinin tədrisi olmayıb. Elmlər Akademiyasında da belə bir şöbə yox idi. Hazırda BDU və Dillər Universitetində regionşunaslıq kafedralarında tələbələrə yalnız bir neçə saat dərs verilir ki, bu da ermənicənin öyrənilməsi üçün yetərli deyil. Türkiyədə iki universitetdə ermənicə bölüm var.  Azərbaycanda son illər erməni dilini öyrənmək üçün kursların açılması təşəbbüsləri oldu.  Deməzdim ki, bunlar faydasız oldu. Kursa qatılanlar təməl şeyləri oyrəndilər.  Oktyabr ayında UNEC-də 6 aylıq  ermənicə kursların verilməsinə başlanacaq, bu  tədris prosesində mən də iştirak edəcəyəm.  O fikirdəyəm ki, biz bu işi özfəaliyyət şəklində deyil, daha təməlli əsaslarla aparmalıyıq. Əlbəttə erməni dilini öyrənmək lazımdır. Biz ideoloji olaraq çox möhkəm silahlanmış bir düşmənlə üz- üzəyik. Onun dilini bilməsək hər hansı addımız yarımçıq qalacaq.  Elmi araşdırmalarda da bəzi qaynaqlara ulaşmaq üçün dili yaxşı bilmək şərtdir.