Vətən dərsinin senarisini yazan şəhidlərimizdir

Onu həyata keçirən, məktəbə, sinif otaqlarına daşıyansa gül balalarımız oldu 

"Xalq olaraq biz artıq buna əminik. Çünki kiçik yaşlı məktəblilərin şəhidlərin xatirəsinə necə ehtiramla yanaşdıqlarını gördük"

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

  Vətənimizə qarşı hər bir təcavüz millətimizi daha da gücləndirir. Azərbaycanın dövlətçilik tarixi belə örnəklərlə doludur. İstər qanlı 20 Yanvar gecəsi, istər Meşəli, Xocalı faciələri, istərsə də 44 günlük Vətən müharibəsi zamanı erməni vəhşilərinin Gəncə, Bərdə, Tərtərə raket zərbələri nəticəsində yüzlərlə din əhalinin qətlə yetirildiyi ağır günlərdə faciələrin xalqımızı daha da gücləndirdiyinin, Vətən sevgisini və onu qorumaq əzmini daha da artırdığının, Prezident və dövlətimizin ətrafında bir yumruq kimi birləşdiyinin, hər bir şəhidin qisasının qiyamətə qalmayacağına and içdiyinin və andına sadiq qaldığının şahidi olduq.  Bu andı içənlər yalnız hərbçilər, döyüşən əsgər və zabitlər deyil, həm də gənclərimiz oldu.

12 sentyabrdan sonra – 15 sentyabrda isə xalq olaraq biz fidan balalarımızın da Vətənə sədaqət andına, şəhid ruhlarına ehtiramına şahidlik etdik. 

  Ölkədə baş verən hərbi vəziyyətlə əlaqədar təhsil nazirinin əmri ilə 2022-23-cü tədris ilinin başlanğıcında məktəblərdə “Bilik Günü” təntənəli qeyd edilmədi. Tədris ilinin ilk dərs gününün ənənəsini şəhidlər dəyişdi, onların davamçıları  olacaq məktəblilər isə yeni ənənənin əsasını qoydular. 

Artıq bundan sonra ölkəmizdə ilk dərs günü, tədris ilinin başlanğıcı Vətən dərsi olacaq. Həm də əyani dərs. İbtidai sinif şagirdlərindən tutmuş, XI sinif şagirdlərinədək bütün məktəblilər ilk dərs günü məktəbə əllərində gül-çiçəklə deyil, şəhid fotoları ilə gəldilər. Kimisi şəhid fotosunu əlində, başının üstündə daşıdı, kimisi də geyindiyi köynəyin üzərində - ürəyinin başında. Bununla da şəhidlərə ən böyük ehtiramı balacalar göstərdi. Adətən böyüklərdən örnək alan balacalar bu dəfə özləri hamıya, hər kəsə örnək oldular. Sinif otaqlarına şəhidlərlə “birgə” daxil oldular. Və bütün ölkəyə “bu gün Bilik günü deyil, Şəhidlər günüdür – Vətən günüdür”, dedilər. Həmin gün yaddaşlara və Azərbaycan tarixinə belə yazıldı və bundan sonra heç unudulmayacaq.  Çünki ilk dərs günü 152 min 6 yaşlı uşaq, ümumilikdə 1 milyon 610 şagird (2022-23-cü tədris ilində məhz bu qədər şagird ümumtəhsil məktəblərində təhsil alacaq - M.R.) “Bilik günü”nü Şəhidlərə Ehtiram günü kimi tarixə yazdı. Böyüməkdə olan nəslin göstərdiyi yüksək vətənpərvərlik nümunəsi, düşmənə ən layiqli, tutarlı cavabdır.   

Əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında 2022-23-cü tədris ilinin başlanğıcının yaddaşlarda silinməz iz qoyduğunu və əsl vətənpərvərlik nümunəsi olduğunu söylədi: 

- Təbii ki, “Bilik Günü”nün Vətən günü, şəhidlərə ehtiram, ilk dərsin “Qarabağ Azərbaycandır!” olması təqdirəlayiqdir. Adətən biz uşaqların, yeniyetmə və gənclərin milli mənilik şüurunun inkişafından, vətənpərvər ruhda böyüməsindən, onlara Vətən sevgisinin aşılanmasından danışanda valideynlərin, məktəbin rolunu, keçilən dərslərin məzmununu, məktəblilərlə əlavə iş aparılımasının vacibliyini, onlarda vətənpərvərlik hisslərinin tərbiyə olunmasında məktəb-ailə tandemini vurğulayırıq.
 Təsadüfi deyil ki, həm 20 Yanvar, eləcə də Xocalı faciəsinin anıldığı günlərdə Şəhidlər Xiyabanını, “Ana fəryadı” abidəsini ziyarət edənlər arasında yeniyetmə və gənclərin, hətta kiçik yaşlı uşaqların da olduğunu görürük. Valideynlər özləri uşaqların əlindən tutub Şəhidlər Xiyabanına aparır. Azərbaycan insanında Vətənə sevgi, Vətənin bütövlüyünə xor baxanlara qarşı əzmkarlıq, şəhidlərə sonsuz ehtiram belə qoyulub. 15 sentyabrda da şəhidlər bizə əsl vətənpərvərlik günü yaşatdılar. Əlavə izaha, əlavə dərsə ehtiyac olmadan. Və hamımız gördük ki, balacalar, məktəbə hələ yeni qədəm basan, ilk addımlarını atan balacalar bəlkə də hamıdan artıq bu dərsi əxz ediblər. Əla öyrəniblər. Bunu onların şəhid fotolarını əllərində daşıması, kövrək barmaqlarının gül-çiçəkləri deyil, şəhid şəkillərini bərk-bərk tutduqları göstərdi. Kimsə əvvəlcədən belə bir senari hazırlasaydı, yəqin bu qədər təsirli, inandırıcı alınmazdı. 

Lakin Vətən dərsinin senarisini yazan şəhidlərimizdir! Onu həyata keçirən, məktəbə, sinif otaqlarına daşıyansa gül balalarımız oldu. Yeniyetmə və gənclər Azərbaycanın qəhrəman oğullarını, Vətənin ərazi bütövlüyü uğrunda canından keçənləri, şəhid və qaziləri unutmamalıdırlar, unutmayacaqlar da. Xalq olaraq biz artıq buna əminik. Çünki kiçik yaşlı məktəblilərin şəhidlərin xatirəsinə necə ehtiramla yanaşdıqlarını gördük. 

  E.Mirzəbəyli qeyd etdi ki, uşaq və yeniyetmələrin, gənclərin xatirəsində, hafizəsində yaşayan şəhidliyin unudulmaması, bundan sonra onların tədrisinin hansı istiqamətdə davam edəcəyindən də çox asılı olacaq: - Əlbəttə, müharibə və itkilər ağırdır. Xüsusən də, əgər itirilən gənclər, həyatı, ömrünün böyük hissəsi qarşıda olan gənc əsgər və zabitlərdirsə. 

Lakin Azərbaycan xalqı artıq bu reallığı da dərk edib qəbul edir ki, müharibəni biz başlamamışıq, əgər düşməni sərhəddə qarşılamasan, sabah evinin içində qarşılamalı olacaqsan. Biz buna 1990-cı illərdə şahid olduq. Ona görə də Vətənin bütövlüyü, dövlətimizin güclənməsi və ona zərrə qədər də zərər toxunmaması naminə döyüşməyi bacarmalıyıq və hazırlıqlı olmalıyıq. 

Bu reallıq yeniyetmə və gənclərə də aşılanmalıdır. Bizim gənclərin ən böyük üstünlüyü odur ki, onlar nağıl, əsatir qəhrəmanlarının igidlərindən bəhs edən kitablarla böyüməyib, onlar əsl, real qəhrəmanların həyat hekayələri ilə böyüyüblər. Əsl qəhrəmanlar onların gözü önündədir – bu, şəhidlər və qazilərdir. Hesab edirəm ki, milli qəhrəmanlarımız haqqında real həyat lövhələrinin əks olunduğu hekayələr yazılmalı, bu hekayələr səmimi yazılmalıdır. Əlavə rəngə, boyaya heç ehtiyac yoxdur. 

İstər Birinci Qarabağ savaşında, istərsə  də 44 günlük Vətən müharibəsində gənclərə örnək olacaq, onlara şəhidliyin fəlsəfəsini anladacaq real həyatdan alınmış saysız-hesabsız qəhrəmanlarımız var. Onlar haqqında yazılmalı və bu hekayələr dərsliklərə daxil edilməli, tədris proqramına salınmalıdır. 

Bu günün gəncliyi real qəhrəmanlara bənzəməlidir. Vacib deyil, hər kəs hərbçi olsun, əsas budur ki, hər kəs öz sahəsində, sabah yiyələnəcəyi ixtisasda, peşədə Vətənə ləyaqətlə xidmət etsin. O zaman şəhidlərin ruhu qarşısında içdikləri andlara sadiq qaldıqlarını sübut etmiş olacaqlar.