İranda vəziyyət ağırlaşacaq! – Şüarlar sərtləşir:"Döyüşəcəyik, öləcəyik, amma...”

"Rusiyanın Ukraynada başlatdığı müharibə İranın ağır olan iqtisadi, siyasi, sosial, mədəni və s. sahələrdəki vəziyyətini daha da gərginləşdirir". 
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib. 
Onun sözlərinə görə, İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneinin Ukrayna ilə savaşda Rusiyanı dəstəkləməsi, ABŞ-ı ittiham etməsi durumu daha da çətinləşdirib:

“Başqa sözlə, rəsmi Tehran bu münaqişədə öz rolunu və yolunu müəyyənləşdirib. Tərəf kimi çıxış etdiyi məlumdur. İranın rəsmi Moskvaya hərbi, texniki dəstəyi bunu bir daha təsdiqləyir. Bütün bunların fonunda cənub qonşumuza təzyiqləri təkcə ABŞ və İsrail göstərmir. Eyni zamanda onların müttəfiqləri də İran hakimiyyətinə qarşı basqıları davam etdirməkdədir. Son günlər xüsusən, iranlı gənc qadın Məhsa Əmininin zorakılıq nəticəsində öldürülməsi ölkədə sosial vəziyyəti pisləşdirib. Rəsmi Tehranın bir çox şəhərlərində hökumətə qarşı etiraz aksiyaları keçirilib. Bu nümayişlərdə əsasən, "diktatora ölüm", "təslim olmayacağıq", hətta "İranı geri alacağıq" kimi şüarlar da səslənməkdədir. Son zamanlar cənub qonşuluğumuzda əxlaq polisi deyilən qurum fəaliyyətini gücləndirib. Bu təşkilat İran hakimiyyətindəki mövcud rejimin tətbiq etdiyi geyim-keçim, saç düzümü, hicab qaydalarına nəzarət edir. Axır bir neçə ildə bu polisin iş mexanizmi zəifləmişdi. Hətta gənc qızlar bir qədər geyim kimi məsələlərdə sərbəst davranırdılar. Amma hökumətdə müəyyən narahatlıqlar yarandı. Hesab etdi ki, insanların, xüsusən də, qadınların bu şəkildə sərbəstləşməsi perspektivdə hökumət adamları üçün baş ağrısına səbəb ola bilər. Çünki İran hakimiyyəti başqa ölkələrdə hicabla bağlı cəmiyyətlərə, dövlətlərə təzyiq göstərir. Hicab geyinməyənlərlə mübarizə bir növ rəsmi Tehran hökümətinin simvollarından birinə çevrilib. Daha sonra bu məsələlər yayılmağa başladı. Başqasının gözündə çöp axtaran İran öz gözündəki tiri gördü. Cənub qonşuluğumuzda sosial vəziyyətin ağırlaşması təkcə hicabla bağlı deyil. Həmçinin ölkədə insanlar günü-gündən sərtləşən bahalaşmaya tab gətirə  bilmirlər. Fəhlə, müəllim, başqa peşə sahibləri və hətta dövlət orqanlarında çalışan işçilərin əmək haqları aylarla gecikdirilir. Bir sıra dövlət məmurları öz maaşlarını süni şəkildə artırır. Hakimiyyətdə təmsil olunanların övladları xaricdə yaşayır. Digər ölkələrdə sərbəst formada geyinib-keçinirlər.Bu da İranda mitinqlərə gətirib, çıxarır”.

Hazırda İranın iqtisadi durumunun ağır olduğunu deyən ekspert qeyd edib ki, bu vəziyyət onun Ukrayna-Rusiya müharibəsində tutduğu mövqedən irəli gəlib:

“İran neft və təbii qazın başqa ölkələrə ixracında məhdudiyyətlərlə üzləşib. Ölkə iqtisadi vəziyyəti isə əsasən, neft və qaz hasilatından qazanılan gəlirdən asılıdır. Urmiya gölü quruyur. Lakin qarşısını almaq üçün heç layihə yoxdur. Layihə varsa da, onun həyata keçirilməsi üçün pul kifayət etmir. Vəsait ayrılsa da, reallaşdırılmır. Bütün bunlar İranda çox ağır, çətin sosial-iqtisadi vəziyyətin yaranması ilə nəticələnir. Etiraz nümayişləri hələ davam edəcək. Bu, ABŞ və İsrailin Tehran hakimiyyətinə etdiyi təzyiqindən irəli gəlmir. İran məlum hadisələri daha çox İsrail, ABŞ və başqa ölkələrin ayağına yazmaq istəyir. Amma indiki etirazlar real vəziyyətdən doğur. İnsanların gündəlik tələbatları ödənilmədiyinə görə, əhali etiraz aksiyası keçirir. Son aylarda İran hakimiyyətinə qarşı təşkil edilən nümayişlərdə səslənən bir neçə şüarı diqqətə çatdıra bilərik - "Ya yaşamaq, ya ölüm", "Xalqı aldadan dövlət, haqqımızı geri ver", "Dövlətin büdcəsi yoxdur, bizə basqı göstərir", "Qanun pozan hökumət, istefa, istefa!", "Döyüşəcəyik, öləcəyik, İranı geri alacağıq", "Bizə işgəncə verməyin" və s. şüarların hamısı İranda etirazların yönünü və mahiyyətini açıqlayır. Hesab edirəm ki, İran hökuməti tutduğu mövqedən geri çəkilməzsə, beynəlxalq ictimaiyyətlə razılaşmazsa, hakimiyyətin vəziyyəti daha da ağırlaşacaq".

Qeyd edək ki, sentyabrın 20-də Tehran, Məşhəd, Sari, Təbriz və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib. Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.
Məşhəd şəhərində keçirilən aksiyada etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar.
Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb. Xatırladaq ki, son günlər artan etiraz nümayişləri əxlaq polisinin 22 yaşlı iranlı Məhsa Əminini öldürməsi səbəbilə şiddətləndi.