Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas 20 sentyabr tarixində Ermənistana gedib. Səfərin məqsədi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və təşkilata üzv dövlət başçılarına məruzə etmək olub.
Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurası Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi ilə bağlı razılıq əldə edib.
Qeyd edək ki, bundan öncə polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının ilkin qrupu sentyabrın 15-də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrini ziyarət edib, əməliyyat vəziyyəti ilə tanış olub.
Regionda Ermənistan-Azərbaycan arasında mübahisəli durum olduğunu deyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, Zass və Pelosi kimi şəxslər bu məsələni həll edəcək gücdə deyillər:
“Ermənilərin müraciətində Türkiyə və Azərbaycanın guya onların sərhəddini pozduğu göstərilir. Vəziyyətlə maraqlanmaq üçün də Stanislav Zassı ora göndəriblər. Lakin biz yaxşı bilir ki Ermənistanın ərazi bütövlüyü kimi mövhum yoxdur.
Onlar müxtəlif dövrlərdə Azərbaycan ərazilərinə iddialarını açıq şəkildə bəyan ediblər. Rəsmi İrəvan da həmişəki kimi bizim ərazi bütövlüyümüzü tanımaq istəmir. Bu şəraitdə KTMT Baş katibinin səfəri heç nəyi həll etməyəcək”.