“Bu, istisna deyil. Məlum plan daha çox təxribat addımlarından ibarət ola bilər"
“İran təhdidlərə davam edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, Ermənistan sərhədini “qırmızı xətti” elan edən İran Azərbaycana qarşı “sionizm” kartını yenidən işə salmağa cəhd edir:
"Sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədini müzakirə edən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanatında sərhədlərin dəyişilməzliyinin yolverilməz olduğu vurğulanıb. Eyni zamanda sərhəddə baş verənləri “beynəlxalq sionizm” və NATO fitnələrinin nəticəsi kimi təqdim ediblər.
Bu, Azərbaycan və Türkiyəyə qarşı üstüörtülü mesajdır. Burada hərbi alyans üzərindən xüsusi vurğunun edilməsi də Rusiyanın Cənubi Qafqaz regionundakı siyasətini dəyişdirmək istəyindən qaynaqlanır.
Rəsmi Tehran rəsmi Moskvaya göstərmək istəyir ki, sərhədin dəyişməsini Rusiya ilə müharibə aparan NATO həyata keçirir. Sentyabrın 22-də İran ordusunun xüsusi paradı zamanı baş qərargah rəisi Məhəmməd Baqeri də eyni motivli açıqlama ilə çıxış etdi.
“Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”, "Təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq” kimi fikirlər səsləndirdi. Həm Milli Təhlükəsizlik Komissiyası, həm də M.Baqeri Azərbaycan və Ermənistanı problemin dialoq yolu ilə həllinə çağırır.
Rəsmi Bakıya heç bir praktiki addım atma, deyirlər, həmçinin “müdaxilə edəcəkləri” təhdidi ilə çıxış edirlər. Bölgədəki proseslərə, xüsusilə Rusiya faktoruna görə, "dözməyəcəyik” sözünü təkrarlayan İranın ata biləcəyi addımlar məhduddur.
Lakin cənub qonşumuzun bəyanatlarının blef olmadığı və hansısa “müdaxilə planları”nın hazırlandığı da istisna deyil. Məlum plan daha çox təxribat addımlarından ibarət ola bilər".