"2020-ci ilin avqustunda Tovuz döyüşlərinin şahidi olduq. Sentyabrın 27-dən başlayaraq, 44 günlük Vətən savaşı ordumuzun qələbəsi ilə sonlandı".
Bu sözləri “Sherg.az”a tarixçi-alim Elmar Həsənli deyib. Onun sözlərinə görə, torpaqlarımızın erməni tapdağından xilas edilməsinə Azərbaycanın igid oğullarının qanı bahasına nail olduq:
"Vətəndən pay olmaz" deyə bir ifadə var. Azərbaycan haqlı tərəf olsa da, təəssüf ki, beynəlxalq siyasi şərait haqsızların yanında durur. Ümid edirəm ki, gələcəkdə işğal altında olan digər ərazilərimizi də ölkəmizin tərkibinə qatacağıq. Hökumətimiz həmin ərazilərə nəzarət edəcək.
Məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar. Təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsi müddətində beynəlxalq televiziyalarda, diplomatik tədbirlərdə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinə şahidlik etdik.
Əfsuslar olsun ki, Ermənistan tərəfi 10 Noyabr bəyanatının şərtlərinə əməl etmir, vədlərini yerinə yetirmir. Amma hərbi və diplomatik müstəvidə səylərimiz davam etdirilir. Bu qələbə sevincini xalqımıza, millətimizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Qeyd edək ki, 27 sentyabrdan başlayan İkinci Qarabağ müharibəsi tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli siyasəti və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində qələbə ilə başa çatdı. 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız dövlətimizin Silahlı Qüvvələrinin igidliyi, qorxmazlığı sayəsində mənfur düşməndən azad olundu.