TƏKLİF! - "Paytaxtdakı ali məktəblərin plan yerləri azaldılmalıdır"

"Bölgə universitetlərində isə artırılmaq hesabına paytaxta gələcək insanların sayını süni şəkildə azalda bilərik"


"Bakı şəhəri üzrə bütün küçə və prospektlərdə günün istənilən saatında tıxaclar müşahidə olunur. Səhər və axşam saatlarında dözülməz həddə çatır". 
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, birmənalı şəkildə ali və orta ixtisas təhsili müəssisələri, orta məktəblər sıxlığın yaranmasında böyük pay sahibidir:

"Tıxacların avtomobillərə texniki və maddi baxımdan, eyni zamanda insanlara əsəb və psixoloji cəhətdən, həmçinin işçi qüvvəsinə ciddi vaxt itkisi nöqteyi-nəzərindən böyük təsiri var. 

Problem ali və orta ixtisas təhsili müəssisələrinin mərkəzdən kənara çıxarılması ilə həll olmayacaq. Bu, uzun və bahalı prosesdir".

Ekspertin qənaətincə, ilk növbədə, mərhələli şəkildə Bakı şəhəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin plan yerləri azaldılmalı, bölgə universitetlərində isə artırılmaq hesabına paytaxta gələcək insanların sayını süni şəkildə azalda bilərik: "Bundan başqa,  pandemiya dövründə olduğu kimi, ali və orta orta təhsil müəssisələrində, bəzi fənlər onlayn (distant) formada keçirilməlidir. Tədrisin hibrid şəkildə təşkili aktiv hərəkət sayında müsbətə doğru dəyişikliklə nəticələnəcək".

Qeyd edək ki, ali və orta təhsil müəssisələrində dərslərin başlanılması səbəbindən tələbələr paytaxta axın edib. Bakıda insan sıxlığı müşahidə olunur. Bu isə şəhər sakinlərinin vaxtı-vaxtında mənzil başına çatmasına maneə törədir. Eyni zamanda insanın əsəb sisteminə təsirsiz ötüşmür, səbrinin tükənməsinə gətirib, çıxarır.