“Dünənə kimi 30-40 dəqiqəyə qət etdiyimiz yolu bu gün 2 saata gedirik”
“Dövlət,hökumət sözügedən dəhşətli duruma müdaxilə etməlidir. Həlli yolları tapılmalıdır”
“Bir neçə məmuru ciddi şəkildə cəzalandırmaq lazımdır”
"Bakı şəhərində nəqliyyatın vəziyyəti çox acınacaqlıdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, hər sahəyə cənab prezidentin şəxsən müdaxilə etməli olması təəssüf doğuran məqamdır:
"Bütün problemləri dövlət başçısı həll edəcəkdisə, onda qurumlara rəhbərlərin təyin edilməsi nəyə lazım idi?! Dünənki görüş sözsüz ki, ölkə rəhbərliyinin tapşırığı ilə həyata keçirilib. Aidiyyəti orqanlara ciddi tapşırıq verilib. Bu istiqamətdə dərhal, operativ tədbirlər görülməlidir.
Çünki vəziyyət dözülməz bir həddədir. Dünənə kimi 30-40 dəqiqəyə qət etdiyimiz yolu bu gün 2 saata gedirik. Dövlət, hökumət sözügedən dəhşətli duruma müdaxilə etməlidir. Həlli yolları tapılmalıdır. Bunun üçün isə bir neçə məmuru ciddi şəkildə cəzalandırmaq lazımdır.
Onların fəaliyyətsizliyi nəticəsində bu gün ictimai nəqliyyat bərbad vəziyyətə düşüb, insanlar şəxsi nəqliyyat vasitələrinə üstünlük veriblər. Taksi fəaliyyətində xaos yaranıb. Bütün bunların səbəbi aidiyyəti şəxslərin səhlənkarlığıdır. Onlar cavab verməlidirlər.
Mənasız sənədləri, rəngarəng kağızları götürüb, baş nazirin qarşısında əyləşməklə nəticə əldə etmək mümkün deyil. Real iş ortaya qoyulmalıdır. İctimai nəqliyyat üçün hansı işi görüblər?! Bu gün Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat şirkətlərinin hər biri borc içindədir.
Dövlət nə vaxt fərqli istiqamətdən onlara dəstək verdi, güzəştlər tətbiq etdi ki, ictimai nəqliyyat inkişaf etmədi?! Boş sözlərlə yaxşıya doğru irəliləyişə nail olmaq, tıxacın qarşısını almaq mümkün deyil. Bakı kəndləri istiqamətində metrostansiya yolları çəkilməlidir.
Təklif veririk, lakin etmirlər. Dəmiryolu xətlərini şəbəkə şəklində inkişaf etdirmək lazımdır. Parklanma üçün şərait yaradılmalıdır. Məktəblərdə avtobus xidməti təşkil edilməlidir.
Bir neçə dövlət qurumu, ali təhsil müəssisəsi şəhərin mərkəzindən kənara köçürülməlidir. Dövlət Sərhəd Xidmətinin metronun "Sahil" stansiyasının yaxınlığında nə işi var?! Azərbaycanın sərhədi oradadır?! Kimə lazımdır?! Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəyə görə metronun "Elmlər Akademiyası" stansiyasının yanında, şəhərin mərkəzində yerləşir?!
Kənd Təsərrüfatı Nazirliyi Bakıda pamidor, xiyar əkini ilə məşğuldur? Ümumiyyətlə, paytaxtda kənd təsərrüfatı mövcuddurmu?! Bu, axı şəhərdən kənarda da ola bilər.
Bakı kəndlərində də mümkündür. Bütün bunlar lazımi tədbirlərdir. Müşavirədə iştirak edənlər hər biri öz arqumentlərini ortaya qoydu. Nəticəni isə zamanla görəcəyik".
Qeyd edək ki, oktyabrın 3-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib. Toplantıda aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub. Qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.