Rollar dəyişib!  - “Rəsmi Vaşinqton Cənubi Qafqazda önə çıxır, Rusiya isə...”

“Adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə “saatları yoxlayırdı”. İndi isə bunu ABŞ edir”


"Vaşinqton Avropa İttifaqı və Fransanın vasitəçiliyi ilə qurulan təmaslarda öz ağırlığını ortaya qoyur. Lakin zəngin əsas məqsədi Astana sammitindən öncə “saatları yoxlamaq”dır".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçiriləcək iclasında Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək. Bu, Putin-Əliyev-Paşinyan formatında görüşün keçirilə biləcəyi imkanını da yaradır:

"Moskva Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş Praqa anlaşmasına qədər bütün məsələləri arxa plana keçirmək istəyəcək.

ABŞ Qərb masasındakı anlaşmaları qorumağa və tərəflərin buna sadiqliyini saxlamağa çalışır. 

Diqqətçəkən məqamlardan biri rolların dəyişməsidir. Adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə “saatları yoxlayırdı”. İndi isə ABŞ edir. Cənubi Qafqazda Vaşinqtonun önə çıxdığına işarədir. Hərçənd, Putinin prosesi pozmaq imkanı hələ də tükənməyib".

Qeyd edək ki, oktyabrın 10-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.