"Son günlər Ukrayna müharibəsinin geniş vüsət alması görüntüləri ilə üz-üzəyik".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov deyib.
Onun sözlərinə görə, artıq bu müstəvidə proses xeyli irəliləyib:
"Ona görə də Avropa ölkələrinin Rusiyaya qarşı bəyanat verməsi təbiidir. Amma rəsmi Moskvanın buna nə dərəcədə riayət etdiyi məlumdur.
Bugünkü siyasi gündəm Kremlin savaş qaydalarına əməl etmədiyinin sübutudur. Əksinə, rəsmi Moskva geri çəkilməyəcək. Rusiya hücumu ilə Ukrayna və onun müttəfiqlərinin həyəcanına, qorxusuna səbəb olmaq istiqamətində cəhdləri artıracaq".
H.Rüstəmov qeyd edib ki, atılan raketlər olduqca baha qiymətə başa gəlir:
"Oxuduğumuz məlumatlara əsasən deyə bilərik ki, son 2-3 gündə Rusiya qarşı tərəfi 200-dən artıq raket hücumuna məruz qoyub. Lakin bu raketlər şimal qonşumuzu çox ciddi şəkildə hərbi hədəfinə çatdırmayıb. Ona görə də hərbi nöqteyi-nəzərdən baxanda uğursuz həmlələrdir.
Rusiya Ukraynanın təşvişinə, əhalinin təlaşına, panikasına səbəb olmaq istəyir. Həmçinin bu savaşda rəsmi Kiyevin müttəfiqlərinin inamını sarsıtmağa çalışır. Müharibədə mülki insanların həlak olması hərbi cinayət sayılır. Amma adi bir bəyanatla da Rusiya zorakılığının qarşısını almaq inandırıcı deyil.
Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya Ukraynaya aqressiya nümayiş etdirməyə başlayanda Avropa ölkələrinin atdığı qeyri-hərbi addımların heç biri lazımi effekti vermədi".
Qeyd edək ki, 11 Avropa ölkəsinin prezidentləri Rusiyadan Ukraynadakı mülki hədəflərə hücumları dərhal dayandırmağı tələb edirlər. Həmçinin “Buxarest doqquzluğu”na üzv ölkələr (Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya), eyni zamanda Şimali Makedoniya və Monteneqro Rusiyanın Ukraynaya kütləvi raket hücumlarını pisləyiblər.