"Türkdilli ölkə başçılarının bir-birlərinin ölkələrinə qarşılıqlı rəsmi səfərlərin intensivləşməsi, dövlətlərin mühüm və strateji sahələri üzrə qarşılıqlı bərabərhüquqlu əməkdaşlıq çərçivəsində müqavilələrin bağlanması yeni dövrün tələbidir. Ən önəmlisi isə hər bir ölkənin xalqı və bütövlükdə cəmiyyəti bu prosesdən son dərəcə məmnundur".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib. Onun sözlərinə görə, uzun illərdən bəri qlobal güc mərkəzlərinin gizli-aşkar təzyiqləri, maneələri şəraitində xəyal kimi görünən türkdilli dövlətlərin birliyi artıq reallıqdır və bu, geridönməz xarakter alıb:
"Xüsusilə, son dövrlər qlobal iqtisadi gücə çevrilən Çinin iqtisadi ekspansiyası artıb. Dünya siyasətində qlobal siyasi duruşunu müəyyənləşdirməkdə çətinlik çəkən Rusiya çox ciddi geosiyasi yanlışlıqlara yol verərək, Ukrayna ilə müharibəyə başladı. Nəticədə Bayden ABŞ-da prezident seçildikdən sonra müəyyən mənada pərən-pərən düşən Avroatlantik məkan ölkələrini bir araya gətirib həm Rusiya, həm də rəsmi Pekinə qarşı mübarizədə NATO blokunu gücləndirdi.
Bütün bunlar bir gerçəyi daha aydın etdi. Gedən proseslər fonunda, nəhayət, Türk dövlətləri də siyasi iradə ortaya qoyaraq, əllərində olan mümkün potensialı və imkanları birləşdirib, dəyişən dünyada, özəlliklə, olduqları coğrafiyada bir güc faktoru kimi meydana çıxmalıdırlar.
Türk Dövlətləri Təşkilatı məhz belə bir zaman kəsiyində zərurətə çevrildi. Bu gün qədim türklərin ata yurdu Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin daha konkret məzmunda zənginləşdirilməsinə bu konteksdən qiymət verməliyik.
Dünyada güc balansı dəyişir. Qarşıda dünya siyasətində baş vermə ehtimalı mümkün daha ciddi kataklizmlərə, hətta dünyanın siyasi xəritəsində ehtimal olunan dəyişikliklərə, həmçinin iqtisadi, humanitar böhranlara, hətta regional müharibələrə hər mənada hazır olmaq lazımdır.
Eyni zamanda bütün yaşana biləcək problemlərə qarşı həm TDT formatında kollektiv şəkildə, həm də ikitərəfli tərəfdaşlıqlar çərçivəsində cavab vermək zərurəti yaranıb. Qırğızıstan və Azərbaycan, eləcə də digər türk dövlətlərini biri-birinə bağlayan ən önəmli məsələ milli-identifik, kimlik məsələsidir. Həmçinin xalqların qardaşlığı və qırılmaz mənəvi, soykökü tellərilə biri-birini tamamlamasıdır.
Qırğızıstanın Çindən başlayan tarixi İpək Yolu, başqa formada "Bir Kəmər, Bir Yol" qlobal layihəsinin coğrafi olaraq, üzərində yerləşən başlanğıc türk dövləti olduğunu nəzərə alsaq, bir müddət sonra açılacaq Zəngəzur dəhlizi də bu mənada əhəmiyyət kəsb edir. Bu da Azərbaycanla münasibətlərin daha üst səviyyəyə qaldırmaq baxımından ortaya qoyduğu siyasi iradə təqdirəlayiqdir".
A.Əsədli həmçinin qeyd edib ki, iki ölkə arasında təhsil, media, kənd təsərrüfatı, rabitə, hava əlaqəsi, maliyyə və başqa sahələri əhatə edən sazişlərin bağlanmasından sonra yaxın zamanlarda hərbi sənaye və hərbi-siyasi məsələlər üzrə sazişlərin də imzalanması istisna olunmur:
"Son vaxtlar müşahidə etdiyimiz beynəlxalq hüququn işləmədiyi, yaxud çox zəif təsir mexanizmlərinin qaldığı indiki kritik zamanda, güc faktoru daha çox önəm qazanıb. Bununla yanaşı, dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi prioritet məsələ kimi kollektiv hərbi əməkdaşlığı daha da aktuallaşdırıb.
İstər İkinci Qarabağ müharibəsində, istərsə də ən son Ukrayna-Rusiya savaşında hər kəs şahid oldu ki, rəsmi Moskva hərbi arsenalı müasir müharibələr aparmaq üçün bütün parametrlər üzrə geri qalır.
Uzun illər Rusiyanın hərbi-siyasi təzyiqi altında qalan Mərkəzi Asiyanın türkdilli ölkələri, eləcə də Qırğızıstanın hərbi arsenalı, əsasən rus istehsalı silahlarla, hərbi texnika və təchizatla qurulub. Son müharibələr bu ölkələri ciddi mənada rus hərbi arsenalı barədə tərəddüdə salıb. Bu ölkənin hərbi arsenalının tamamilə yenilənməsi, müasir silah və hərbi texnika ilə təchiz olunması üçün alternativ kanallar axtarmağa başlayıblar.
Bu mənada Qırğızıstanın Azərbaycanın təcrübəsidən yararlanmaqla, hərbi sənayedə qlobal tərəqqiyə nail olan qardaş Türkiyə və İsraillə yeni müqavilələrin bağlanmasını zəruri edir. Strateji bəyannaməyə yeni məzmun verməklə bağlı siyasi iradənin ifadə olunması bununla bağlı ola bilər. Qlobal siyasətin qarmaqarışıq olduğu indiki zamanda Qırğızıstan və Azərbaycanın, o cümlədən digər türkdilli dövlətlərin regionun özündə və ətrafında baş verənlərə münasibətdə vahid mövqe sərgiləməsi qarşılıqlı səfərlər zamanı müzakirə ediləcək. Gələcəkdə bunlarla bağlı da sazişlərin imzalanması ilə nəticələnəcək.
Gerçək bu ki, Türkdilli ölkələrin bir araya gəldikləri Türk Dövlətləri Təşkilatı formatında, Qara Dəniz və Aralıq Dənizi hövzəsi, Cənubi Qafqaz, Xəzər Dənizi hövzəsi, həmçinin Mərkəzi Asiya regionlarını əhatə edən böyük bir coğrafiyada güc mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir.
Türkdilli ölkələrin birgə hərbi təlimlərinin daha intensiv hal alması, qarşılıqlı hərbi əməkdaşlıq imkanlarının tez-tez dəyərləndirilməsi, bu mənada qarşılıqlı səfərlərin artması onu deməyə əsas verir ki, bu proses yaxın tarixdə Turan Ordusunun əsasının qoyulması ilə bitəcək".
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib: "Biz Strateji tərəfdaşlıq haqqında Bəyannaməni daha konkret məzmunla zənginləşdirəcəyik. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar”.