"Fransanın son açıqlamaları onun neytral, ədalətli vasitəçilik missiyasını yerinə yetirə bilməyəcəyini göstərdi".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Turab Rzayev deyib. Onun sözlərinə görə, rəsmi Paris tarixi səhvini yenidən təkrarladı:
"44 günlük müharibədən əvvəl də, sonrakı dönəmdə də Azərbaycana qarşı açıq şəkildə düşmənçilik edir, ermənipərəst mövqe tuturdular.
Hətta ölkəmizə qarşı sanksiyalar tətbiq etmək üçün çağırışlar edirdilər. Fransa parlamenti guya ki Qarabağın dağlıq hissəsinin müstəqilliyi ilə bağlı səsvermə keçirəcəkdi. Həmin dövrdə hətta E.Makronun birbaşa ölkə rəhbərinə zəng edib, sanksiyalarla hədələməsi barədə məlumatlar dolaşırdı. Bunu ad çəkməsə də, ölkə prezidenti efirdən açıq şəkildə bildirdi. Azərbaycanla təzyiq dili ilə danışmağın qeyri-mümkünlüyünü anladılar. Daha sonra rəsmi Paris mövqeyində düzəliş etdi. Qalıcı sülhə doğru irəliləməyə başladı. Brüssel görüşlərində delimitasiya və demarkasiya prosesi, Zəngəzur dəhlizinin açılması, Azərbaycan və Ermənistan arasında sülh komissiyasının yaradılması, sülh məsələsi ilə bağlı müsbət nəticələr əldə edildi. Hətta Avropa İttifaqı hər iki ölkəyə 5 milyard avroya yaxın kredit təklif etdi. Bildiyimiz kimi, bu yaxınlarda Praqa sammiti keçirildi. Ermənistan, Azərbaycan, Fransa və Türkiyə rəhbərlərinin görüşü oldu. Nə Ermənistan, nə də Fransa rəhbərliyi Azərbaycanın beş şərtinə etiraz etdilər.
Rəsmi İrəvan rəsmi Bakının ərazi bütövlüyünün tanınması ilə bağlı müəyyən açıqlamalar verdi. Bundan başqa, xatırladığımız kimi, görüş çərçivəsində Azərbaycan iki aylıq mülki missiyanın yerləşdirilməsi ilə bağlı Fransanın təklifinə qarşı çıxmadı. Doğrudur, öz bölgəmizdə icazə vərmədik, amma Ermənistan ərazisində məskunlaşmasına əngəl olmadıq. Buna rəğmən son zamanlar Fransa yenə neqativ açıqlamalar verməyə başladı.
İlk olaraq, rəsmi Paris çıxış edərək, mülki missiyanın içərisində hərbçilərin olması ilə bağlı bəyanatlar eşidildi. Daha sonra Fransa senatında 6 şəxs Azərbaycana qarşı sanksiyalar tətbiq etmək barədə müraciət ünvanladı. İndi isə Makronun bu cür anti-azərbaycan açıqlamaları rəsmi Parisin qərəzsiz bir vasitəçi ola bilməyəcəyini deməyə əsas verir. Belə olduğu halda, aydın məsələdir ki, nə Azərbaycan həmin mülki missiyanın müddətinin uzadılmasına icazə verəcək, nə də Fransanın vasitəçi kimi bölgədə hər hansı bir real, aktiv gücü qalacaq. Düşünürəm ki, rəsmi Paris yenidən etdiyi səhvlərdən nəticə çıxarmalı, obyektiv mövqe nümayiş etdirməlidir".
Qeyd edək ki, Fransa hər zaman olduğu kimi, indi də Ermənistanın maraqlarını açıq-aşkar müdafiə edir. Ermənipərəst mövqeyindən əl çəkmir. Düşmən tərəfin ölkəmizə qarşı törətdiyi təcavüzü, vəhşiliyi görməzdən gəlir. İndiyə qədər bir dəfə də olsun, Azərbaycanı müdafiə etməyib, ona dəstək çıxmayıb.
Çünki hər zaman erməni lobbisinin təsiri altında olub. Eyni zamanda danışıqlar prosesinə qoşulmağa səy göstərir. Vasitəçilik missiyasını yerinə yetirmək niyyətindədir. Lakin Azərbaycan heç bir halda bu formata yol verməyəcək. Yəni Fransa rəsmi Bakı ilə rəsmi İrəvan arasında vasitəçilik rolunda çıxış edə bilməz.