YUNESKO səsini çıxarmalıdır! – “Minlərlə abidəmiz yerlə-yeksan olunub” – REAKSİYA!

Sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus qəbiristanlığı dağıtdıqlarının görüntüləri yayılıb.
Görüntülərdə bir erməninin qəbirlərin yanında dayanıb video çəkdiyi, digərinin isə yük maşını ilə başdaşılarını vurub aşırdığı görünür. Çox güman ki, onlar bu daşları satmaq üçün aparırlar.
Məkan haqda dəqiq məlumat yoxdur. Lakin teleqram kanallar bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğunu bildirirlər.
Hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir

Məzarlığın dağıdılması – tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir.
Baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin YUNESKO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir
YUNESKO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqına yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. YUNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır.

Sosial şəbəkədə yayılan görüntülərlə bağlı "Sherg.az"a danışan sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə  bildirib ki, 30 ildir Ermənistan Azərbaycanın tarixi, mədəni, dini abidələrini və milli, mənəvi dəyərlərini dağıtmaqla məşğuldur. Yeni görüntülər də bunun bariz nümunəsidir:

"Maraqlıdır, ermənilər videonu özləri çəkib və paylaşıblar. Artıq Ermənistanın deyəcəyi söz qalmır. 
YUNESKO belə hallara qarşı münasibətini bildirməlidir. İllərdir, hazırda işğaldan azad olunan Azərbaycan torpaqlarına baxış keçirmələrini, missiya göndərməklərini istəyirik. 

Qəti şəkildə imtina edirlər. Utanmadan ayrı-ayrı uydurma faktları nümunə çəkirlər. Guya, biz 44 günlük mühatibə dönəmində  ermənilərə məxsus tarixi abidələrini dağıtmışıq.  

Paylaşılan video erməni vandallığının isbatıdır. 

YUNESKO yenə səsini çıxartmayacaq. Minlərlə abidələrimiz yerlə-yeksan olunub, reaksiya verməyiblər. Susmuş vicdanlarının oyanacağına ümid bəsləmirəm. Hər halda üzv olduğumuz müvafiq beynəlxalq təşkilatlara baş verənləri çatdırmalıyıq".