"Hər kəs mütləq təhsilli olmalıdır”- deyə bir məcburiyyət yoxdur".
Bu sözləri "Sherg.az"a təhsil üzrə ekspert, fəlsəfə doktoru Rafiq İsmayılov deyib. Onun sözlərinə görə, orta ixtisas təhsilli gənclər özlərinə cəmiyyətdə daha yaxşı yer tapırlar:
"Diplomu olmayan şəxs də ağıllı bir insandır. Niyə də özünü əmək bazarında doğrultmaq iqtidarında olmasın?! Bundan başqa, məktəblərdən hər il təxminən 120-130 min məzun olan şagirdin 60 mini ali təhsilini davam etdirir və diplom alırsa, bu, hələ onların əmək bazarına hazır olduğunu demək anlamına gəlmir. Bəzən elə olur ki, orta təhsilli bir insan daha uğurlu mütəxəssis kimi yetişir.
Özüm rəhbəri olduğum müəssisədə orta ixtisaslı əməkdaşlar var. Çox yaxşı işçidirlər, bir neçə il ərzində kifayət qədər təcrübə qazanıblar. Hazırda da işlərini davam etdirirlər. Müəssisə rəhbərinə də əməkdaşın ortaya qoyduğu nəticə maraqlıdır. Ona görə də məsələni faciə hesab etmirəm.
Qonşu ölkələrlə də sözügedən mövzunu müqayisə etdikdən sonra cəmiyyət üçün nə qədər ziyanlı olduğunu görmək mümkündür. Ali təhsil qazananların hamısının öz ixtisası üzrə fəaliyyət göstərdiyini güman etmirəm. Onların çoxu da işsiz qalır".
Qeyd edək ki, ötən gün “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfrans keçirilib. Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır.