1 milyon insan Bakını tərk edəcək

Şəhər dərin nəfəs alacaq, tıxaclar azalacaq

Şəhərdəki bəzi zavod və fabriklər rayona köçürülə bilər


  Son dövrlərdə paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün  ciddi problemlərdən birinə çevrilib. Bakıda tikinti bumunun müşahidə olunması və şəhərin sıx şəkildə tikilmiş hündür binalarla dolması  paytaxtda gərginliyi daha da artırıb. Nəticədə şəhər yolları  iflic vəziyyətindədir. Ekspertlərin fikrincə, əhalinin Bakıya cəmləşməməsi, əksinə, paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial-iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ailə məktəblər başqa şəhərlərə köçürülməli, vaxtilə ləğv edilmiş nəqliyyat sistemləri - tramvay, trolleybus və elektrik qatarları - bərpa edilməlidir.

  Tıxacların hər şeydən əvvəl iqtisadi fəaliyyətə də  neqativ təsir göstərdiyini vurğulayan millət vəkili, iqtisadçı  Vüqar Bayramovun sözlərinə görə, tıxaclarda itirilən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. 
  Deputatın fikrincə, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirəlayiqdir, lakin heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib, bu səbəbdən də digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var: “Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşalar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətətn daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər”.

  V.Bayramovun fikrincə, digər metod bir sıra təhsil müəssisələrinin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir: 

“ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu, iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı kiçik yaşayış məntəqələrinin də inkişafını stimullaşdırır”.

  İqtisadçı hesab edir ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhfə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir. “Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”- deyə deputat qeyd edib.

  Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı isə hesab edir ki, Qarabağın bərpası sürətləndikcə Bakıda müvəqqəti yaşayan qaçqın və köçkünlərin həmin bölgəyə yerləşdirilməsi Bakıdakı sıxlığı azalda bilər. Söhbət azı yarım milyon insandan gedir:

“Digər bölgələrin də potensialından effektiv istifadə edilə bilər. Xammalın bol olduğu rayonlarda emal müəssisələri, xüsusən də yeyinti və yüngül sənaye müəssisələri açıla bilər. Bakıdakı bəzi zavod və fabriklər rayonlara köçürülə bilər. Bölgələrdə kiçik və orta sahibkarlığa yardımlar göstərilə, istehsal obyektləri üçün faizsiz kreditlər, vergi və gömrük güzəştləri verilə bilər. Bu da regionlarda iqtisadi canlanma yaradar, əks-urbanizasiya prosesi başlayar. Əgər əhalinin ölkə üzrə proporsional yerləşməsi, iqtisadiyyatın regional balanslaşdırılması baş tutsa, ölkəmizin davamlı və tarazlı inkişafı təmin olunar, bir çox sosial problemlər də aradan qalxar. Üstəlik, bütün bunlar ümumdaxili məhsulun və ixracın artmasına, idxalın azalmasına, dövlət büdcəsinin gəlirlərinin çoxalmasına, dövlətin sosial yükünün azalmasına gətirib çıxara bilər. Bu səbəbdən, hesab edirik ki, hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionların sosial-iqtisadi həyatının canlanmasına hər cür dəstək verməlidir. Bunun üçün müvafiq maliyyə ehtiyatları da kifayət qədərdir. Azərbaycanın 55 milyard dollarlıq strateji valyuta ehtiyatları var. Bunun cəmi 5 milyardını cəlb etməklə, həmçinin qeyri-dövlət investisiyalarını təşviq etməklə bu işləri həyata keçirmək olar. Nəticədə həm paytaxtımız nəfəs alar, həm də regionlar sürətli inkişaf edər”.

  Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki,  Bakıda tıxacların çoxlu səbəbləri var. Səbəblərdən bəzilərinin bilavasitə nəqliyyatla bağlılığı ilk baxışdan görünmür: 

“Bunlardan bir qrupu məskunlaşmadan, şəhərsalmadan irəli gələn səbəblərdir. Şəhərin daxili hissələrinin son illər ciddi sıxlaşdırıldığı, bəzi məhəllələrin beton cəngəlliyə çevrildiyi göz qabağındadır. Şəhər ətrafında, təxminən 20-25 il əvvələdək boş olan ərazilərdə isə cəngəlliksayağı, plansız məskunlaşma göz qabağındadır. Heç bir mobillik planı, yol-nəqliyyat infrastrukturunun indiki və perspektiv vəziyyəti nəzərə alınmadan aparılan belə məskunlaşma səbəbindən insanlar elementar gündəlik ehtiyacları (işləmək, uşağı bağçaya və məktəbə aparmaq, normal alış-veriş etmək və s.) üçün kifayət qədər uzaq məsafəyə getməyə məcburdurlar. Üstəlik, həmin məskunlaşma zonalarında normal küçə-yol şəbəkəsi də saxlanılmayıb. İctimai nəqliyyata əlçatımlıq da ki, bərbaddır. Nəticədə qaçılmaz tıxaclar yaranır”.

  Ekspertin sözlərinə görə, problemin bariz bir misalını MM-in son iclasında deputat Rauf Əliyev dilə gətirib: 

“Onun dediklərinə əsasən, məsələn, Binə qəsəbəsində 149 saylı məktəb 1350 şagird yerlik olsa da, orada 4483 şagird var, Buzovnadakı 26 saylı məktəb isə 2300 şagird yerlik olsa da, faktiki şagird sayı 4230-dur. Yəni məktəb çatışmazlığı var. Oxşar, bəlkə də daha betər vəziyyət Abşeron aqlomerasiyasının bütün yeni məskunlaşma ərazilərində - Xırdalanda, Masazırda, Hövsanda, Binəqədidə və s.-də də var. Bunun nəticəsində on minlərlə şagird həmin yaşayış məntəqələrindən şəhər daxilindəki məktəblərə gətirilir. Yeni məskunlaşma ərazilərində mövcud olan az sayda məktəblərin təlim-tədris prosesinin bəyənilməməsi səbəbindən xeyli valideynin şəhər məktəblərinə üstünlük verməsi bu işi bir az da ağırlaşdırır. Nəticədə şəhər girişlərində və xeyli küçələrdə tixac yaranır. 

Tətil vaxtı həmin yerlərdə tixacın olmaması, yaxud daha dözülən olması bunu aşkar təsdiq edir. Məsələnin həlli üçün ən azı bundan sonra məskunlaşma və sıxlaşmanın qarşısı alınmalıdır. Həmin ərazilərdə normal məktəblər tikilməli, müasir mobilliyə hesablanan infrastruktur yaradılmasına başlanmalıdır”.