Osman Gündüz: "Bu təşkilatın metodologiyasında qüsurlar var"
Novella Cəfəroğlu: "Bizim ölkəyə gəlsinlər, görüşsünlər, internetimizə, yazışmalarımıza baxsınlar"
“Freedom House” ("Azadlıq Evi") internet azadlığı ilə bağlı dünyanın 70 ölkəsini əhatə edən növbəti hesabatını açıqlayıb. Azərbaycan 38 balla dünyada azad olmayan ölkələr sırasına daxil edilib. “Freedom House”un hesabatına görə, Azərbaycanın internet azadlığına görə vəziyyəti ötən illə müqayisədə müsbətə doğru dəyişsə də yenə də interneti “Qeyri azad” ölkələr sırasına daxil edilib.
Diqqətçəkən məqam isə odur ki, Azərbaycan cəmi 1-2 bal artıq toplasa interneti daha yaxşı olan kateqoriyaya, “Qismən azad” ölkələr siyahısına düşə bilərdi.
"Freedom House" internet azadlığı reytinqini keyfiyyətli internetə əlçatanlıq və məhdudiyyətlərin olması, müstəqil tənzimləyici qurumun fəaliyyəti, internet trafikin, saytların və kontentin bloklanmasını, hüquqi bazanın mövcudluğu, internet istifadəçilərin hüquqlarının qorunması və izlənilməsi, internet resurslara kiber hücumlar və s. bu tip məsələləri dəyərləndirməklə müəyyən edir.
Hesabatda Azərbaycanla bağlı təqdim edilən arayışı oxuduğunu vurğulayan Azərbaycan İnternet Forumunun prezidenti
Osman Gündüzün “Şərq”ə açıqlamasına görə, hesabatda reallığı əks etdirən, həqiqətə uyğun olmayan və açıq-aşkar ikili yanaşma tətbiq olunan hissələr var:
“Hesabata görə, son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub.
Düşünürəm ki, Azərbaycan internetində müəyyən problemlər olsa da “Freedom House” təşkilatının bizi interneti “Azad olmayan” ölkələr sırasında daxil edilməsi, yumşaq desəm, ədalətli deyil.
Qurum Azərbaycanı “azad olmayan” ölkə sırasına daxil edib, amma “Qismən azad” olan ölkələr sırasına baxanda görmək olar ki, ya açıq-aşkar "Freedom House" qərəzlidir, ya da metodologiyasında qüsurlar var.
Açıq-aşkar Azərbaycandan qat-qat pis vəziyyətdə olan, inkişaf etməyən, mühafizəkar internet mühiti olan ölkələr “Qismən azad” ölkələr sırasına daxil edilib.
Bu isə onu göstərir ki, son illərdə olduğu kimi, bu il də adı çəkilən qurum Azərbaycana qarşı ədalətli mövqe sərgiləmir, ikili yanaşmalara yol verir”.
Bununla belə ekspertin fikrincə, hesabatda Azərbaycan interneti ilə bağlı bir çox diqqət yetirməli, tənqidi məqamlar var ki, reallığı əks etdirir, onların araşdırılması və aradan qaldırılması vacibdir: “Fikrimcə, səlahiyyətli qurumlarımızın Hesabatı incələməsi, qeyd olunan qüsurların təhlil edilməsi, qərəzli yanaşmalarla bağlı quruma müraciətlər edilməsi, əməkdaşlıq imkanlarının axtarılması daha doğru olardı”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu həmin təşkilatları ölkəmizə dəvət edib:
“Hüquq müdafiəçisi kimi deyim ki, onlardan Bakıya gəlmələrini xahiş edirəm, gəlsinlər, görüşsünlər, internetimizə, yazışmalarımıza baxsınlar. Onda nə qədər qərəzli olduqlarını anlayacaqlar. Biz də onları ermənilərin dağıtdığı Ağdam və digər ərazilərimizə apararıq. Demokratlar hər yerə Ukraynanı car çəkirlər, düz də edirlər, amma nəzərə alaq ki, son 30 ildə bir dəfə də bizə dəstək olmayıblar. Bircə gəlsinlər, nə istəyirlərsə göstərək. İnsan haqlarından tutmuş digər məsələlərə qədər izah edə bilərik”.