"Ermənistanın təxribatları davam edəcək. Azərbaycan unutmamalıdır ki, söhbət düşmən ölkədən gedir".
Bu sözləri "Sherg.az"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, ərazilərimiz 44 günlük savaşın pik nöqtəsi hesab edilən noyabr ayına qədər davamlı şəkildə Ermənistanın atəşinə məruz qalacaq:
"Azərbaycanın Silahlı Qüvvələri qarşı tərəfin bütün təxribatlarına hazırdır. Ordumuzun qorxmaz iradəsi, bacarığı hesabına düşmənin törədə biləcəyi istənilən provokasiyanın qarşısı vaxtında və sərt şəkildə alınacaq. Eyni zamanda igid əsgərlərimiz düşmənin ritorikasını aşağı salmaq üçün lazım olan qədər əks addımlar atacaqlar. Buna heç kimin şübhəsi olmasın. Baş verənlər mənim üçün hər hansı bir təəccüb doğurmur.
Guya Ermənistan ərazisinə beynəlxalq missiya göndərilib. Amma təxribatlar beynəlxalq güclərin gözü qarşısında yenə də davam etməkdədir. Avropa İttifaqının müşahidə missiyası təəssüf ki, hələ də rəsmi İrəvanın məlum fitnələrini görməzdən gəlir.
Lazımi qərarları vermir, tədbirləri həyata keçirmirlər. Ümid edirəm ki, proses uzun zaman çəkməyəcək. Ermənistan sonda məcbur qalıb, Azərbaycanın həm ərazi bütövlüyü ilə bağlı indiyə qədər demədiyi, həm də Praqada səsləndirdiyi fikirləri artıq sənəddə də öz imzası ilə təsdiq edəcək.
Nəhayət düşmən ölkə başa düşəcək ki, bölgədə sülhün və əmin-amanlığın bərpa olunması üçün Azərbaycan və qardaş Türkiyə ilə bir araya gəlməlidir. Doğru-dürüst qərarlar yalnız rəsmi Bakı və ya rəsmi Ankaranın deyil, eyni zamanda Ermənistanın da müəyyən maraqlarına xidmət edə bilər".
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.