Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin üçüncü - Bakı görüşü baş tutub.
Gülüstan sarayında reallaşan görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PaşazadəTürk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimləri iştirak ediblər.
TDT üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir:
“Üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaratmaq, tələb-müəllim və təcrübə mübadiləsinə kömək ediləcək”.
TDT din xadimlərinin bir araya gəlməsini "Sherg.az"a dəyərləndirən ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, üzv dövlətlərin görüşü vətənə, cəmiyyətə dəstək verir:
"Qardaş ölkə Türkiyənin bütün sahələrdə Azərbaybaycanın yanında olması, Qarabağ müharibəsindəki dəstəyi əvəzsizdir. Həmfikirik, eyni istiqamətdə addımlayırıq.
Görüş müsəlman birliyinin həyata keçirilməsinə töhfə verəcək. Türkiyə ilə həm dini, həm ideoloji baxımdan eyni mövqeyi təmsil edirik. Azərbaycan da dünya müsəlmanlarına qardaşlıq nümunəsi olacaq. TDT dövlətlərin dünyəvi və dini cəhətdən birləşməsi ümumiqyasda Azərbaycanın və Türk dünyasının uğurudur".
İlahiyyatçı Elşad Mirinin qənaətincə, görüşdə yeni məsələlərə toxunulmayıb:
"Tədbirlə bağlı məlumatlar oxudum. Orda deyilənlər təzə deyil. Sanki əvvəlki mərhələrdə söylənilənlərin təkrarıdır. Ümumi fikirlərdir, konkretləşdirilmir.
İslam dini nəzəriyyəni yox, praktikanı önə çəkən dindir. Din xadimlərinin bir araya gəlməsini sadəcə gördükləri işlərin nəticəsi olaraq müşahidə etdim".