Ermənistandan hiyləgər ssenari!  - “Azərbaycanı Avropa missiyası ilə üz-üzə qoyma...”

"Bildiyimiz kimi, Praqa görüşündən sonrakı mərhələdə Ermənistan təmas xəttində atəşkəsi pozması cəhdlərini artırmaqda davam edir".
Bu sözləri "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. Onun sözlərinə görə, təxribatların arxasında rəsmi İrəvanın məkrli niyyəti dayanır:
"Düşmən ölkə Avropa İttifaqının, xüsusən də 50 nəfərlik heyətinin Ermənistanda texniki məsələlərlə məşğul olmaq məqsədilə bölgəyə gəlməsi, ATƏT-in missiyasının, həmçinin təxminən 400 nəfərə yaxın heyətin rəsmi İrəvana gəlişi, orada fəaliyyət göstərməsində maraqlıdır. Qarşı tərəf Azərbaycanın atəşkəsin pozulmasına qarşı təxribata getməsinə çalışır. Yəni ölkəmiz provokasiyalara cavab versin, beləliklə, 12-14 sentyabrda baş verənləri yenidən həyata keçirmiş olsunlar. Nəticə etibarilə komissiyaya göstərilsin ki, təmas xəttində vəziyyəti gərginləşdirən Azərbaycandır".

E.Şıxəliyev vurğulayıb ki, Ermənistan indiki mərhələdə rəsmi Bakıya qarşı hər hansı bir ciddi əməliyyatlar aparmağa hazır deyil:

"Çünki rəsmi İrəvan hələ indi öz silahlı qüvvələrini komplektləşdirilməsinə başlayıb. Xüsusən də indi ordusunu 2020-ci ilin 27 sentyabrına qədərki vəziyyətə gətirmək üçün ən azı 10 ilə yaxın vaxt lazımdır. Lokal olaraq, sülh sazişi olmadığı müddətdə əsasən, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri mövqelərimizi daim atəşə tutacaqlar.

 Hər zaman dediyim kimi, yekun sülh olmadığı təqdirdə təxribatların törədilməsinə hazır olmalıyıq. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun cavabını verir, əməliyyat şəraitinə nəzarət edir. Ermənistandan hər hansı təhlükə gözləməyimiz isə doğru deyil. Amma hazırda rəsmi İrəvanın siyasi-hərbi beyin mərkəzlərinin hiyləgərliyi kontekstində ölkəmizi Avropa missiyasının texniki heyəti ilə üz-üzə qoyma ssenarisinə alət olmamalıyıq. İndiki zamanda səbrlə davranıb, ermənilərin məkrli siyasətini ön görməliyik". 

Qeyd edək ki, Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Kəlbəcər, Tovuz rayonu istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.