Gürcüstan hökuməti siqaret çəkənlərin sayını azaldıb

Azərbaycanda isə qanunlara əməl edən yoxdur, qapalı yerlərdə hələ də siqaret çəkənlərə rast gəlnir

Millət vəkili təklif edir ki, tütün məmulatlarının qiymətini 30-40 manata qaldırmaq lazımdır


  Son 4 ildə Gürcüstanda siqaret çəkənlər arasında tütündən istifadə 10 faiz azalıb. Tütünlə Mübarizə Alyansının rəhbəri Qiorqi Baxturidzenin məlumatına görə, bu gün Gürcüstanda əhalinin 27 faizi tütün istifadəçisidir. Onların hədəfi isə 2040-cı ilə qədər bu rəqəmi 5 faizə endirməkdir: “Son 4 ildə siqaret çəkənlər arasında tütün istehlakı 10 faiz azalıb. Bu, tütünə qarşı mübarizə islahatlarının kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. İctimai toplantılarda, qapalı yerlərdə siqaret çəkməyin qadağan edilməsi, vergilərin və qiymətlərin artırılması, tütünlə bağlı hər cür marketinq, tanıtım, reklamın qadağan edilməsi Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq gözlədiyimiz nəticəni verdi. Yeni təşəbbüsümüzə görə, 2020-ci ildən sonra doğulan və yetkinlik yaşına çatacaq gənclərə hər hansı tütün məmulatının satışı qadağan edilə bilər. 

Bildiyiniz kimi, kazinolarda və slot klublarında siqaret çəkməyə icazə verilir ki, bu da bizim üçün qəbuledilməzdir. Biz tələb edirik ki, bu ölümcül məhsulun qumar biznesində istifadəsi tamamilə qadağan edilsin”. 

  Qeyd edək ki, Gürcüstanda yanvarın 1-dən etibarən siqaret yeni qablaşdırmada satışa çıxarılacaq. Hökumətin qərarına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən tütün yeni qablaşdırmada satışa çıxarılacaq. Səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında bildirib ki, sadə qablaşdırma tütünün cəlbediciliyini azaldacaq və istehlakçı bir baxışda bir markanı digərindən asanlıqla ayırd edə bilməyəcək. Dəyişikliyə əsasən, tütün məmulatlarının qablaşdırılmasında və hər bir siqaretin üzərində brend, loqo, əmtəə nişanı və ya onu göstərən digər elementdən istifadə etmək qadağan ediləcək.

  Bundan başqa siqaret qutusunun böyük bir hissəsini sağlamlıq riskləri barədə xəbərdarlıq edən yazılar və piktoqramlar tutacaq.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, Azərbaycanda bir neçə il əvvəl "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qapalı məkanlarda siqaret çəkmək qadağan edilib. Amma bu qanuna nəinki əməl edən, heç “salam” verən də yoxdur: “Yenə də əksər ticarət obyektlərində, kafelərdə siqaret çəkilir. Yalnız dövlət orqanlarında qanunun tələblərinə əməl edilir. Təəssüf ki, ölkədə qəbul edilən əhəmiyyətli qanunlar ictimai dəstək tapa bilmir. Buna səbəb isə bu işə nəzarət edən dövlət qurumlarının kütləvi informasiya vasitələri və ictimaiyyətlə işləyə bilməməsidir. Qəbul olunmuş qanunun prinsipial tətbiqini həyata keçirmək lazımdır. Mən siqaret çəkmirəm və siqaret çəkən insanların da hüquqlarını pozmuram. Qanunun icazə verdiyi yerlərdə kim nə qədər istəyir siqaret çəksin. Amma qapalı yerlərdə, ictimai yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, onlar bizim bu hüququmuzu pozurlar". 

  Deputat həmçinin deyib ki, bəzi insanlar siqaret çəkməklə kifayətlənməyib ətrafındakı insanları da buna sövq etməklə tütündən istifadəni stimullaşdırır: 

"Bu çox yanlış hərəkətdir. Əvvəla ona görə ki, siqaret çəkmək insan sağlamlığı üçün təhlükəlidir! İctimai yerlərdə siqaret çəkildikdə ətrafdakılar özgəsinin siqaret tüstüsünü udmaqla passiv siqaret çəkməyə məruz qalırlar. Tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi də məhz əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədi daşıyır”.

  R.Nurullayev inanır ki, Gürcüstanda siqaretin sadə qablaşdırmada satılması ondan istifadə edənlərin sayını daha da azaldacaq: 

"Həqiqətən də tütünün cəlbedici qablaşdırmada olması ona marağı artırır. Şəxsən mağazaya gedəndə siqaret qutuları mənim də diqqətimi cəlb edir. Adam hərdən fikirləşir ki, bu cür gözəl və rəngarəng qutularda satılan məhsul nə qədər zərərli ola bilər ki!? Halbuki dizaynı fərqli olsa da, bütün siqaretlərin hamısı eyni tərkiblidir. Sadəcə, marketinq səbəbindən qablaşdırması fərqlidir. Siqaret insanların gündəlik tələbat məhsulları sırasına daxil olmadığı üçün tütün məmulatlarının qiymətinin bahalaşdırılmasının tərəfdarıyam. Bəzi ölkələrdə siqaretin bir qutusu 30-40 manata satılır”.