“Ölkənin İstanbul şəhəri yollarında "Metrobus" deyilən bir sistem fəaliyyət göstərir”
“Həmin nəqliyyat vasitələri üçün ayrıca yol müəyyən edilib. Sürücü yalnız əhatələnmiş, xüsusi yollarla hərəkət edərək, gediş-gəlişi təmin edir”
“Bu da avtobusların mənzil başına heç bir tıxaca, maneəyə rast gəlmədən, rahat şəkildə çatmasına şərait yaradır”
"Keyfiyyət baxımından 60 qəpiyə gedəcəyimiz ictimai nəqliyyat insanların rahatlığını təmin etməyəcəksə, əhali yenə də 1 manatlıq taksilərə üstünlük verəcək".
Bu sözləri "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, 1 manatlıq taksi xidməti alternativ, sıx olmayan yerləri seçərək, hərəkət edir, mənzil başına nisbətən tez çatdırır:
"Beləliklə, dayanacaqlarda da avtomobili saxlamağa ehtiyac yaranmır. Bakı Nəqliyyat Agentliyinin (BNA) başladığı layihəni eksperiment hesab etmək mümkündür. Proses hərəkətə gətirildikdən sonra, bir neçə gün ərzində vətəndaş artıq özü marşrut xəttinin effektivliyi barədə dəyərləndirmə aparacaq".
İ.Hüseynlinin qənaətincə, şəhərdaxili sıxlığı aradan qaldıra bilməyəcəyiksə, tıxaclar olduğu kimi qalacaqsa, ekspres adı altında 12 yerdə dayanan avtobusun işə başlaması tələbatlarımızı, istəklərimizi ödəməyəcək:
"Nəticə etibarilə sözügedən marşrut xətti vətəndaşın komfortlu xidmətinin təşkilində rol oynaya bilməyəcək. Tıxac varsa, istər 12 yerdə, istərsə də 2 yerdə dayansın, heç bir fərq etməz. Eyni zamanda əhəmiyyətli dəyişiklik görməyəcəyik. İlk növbədə, ən əsas problemlərdən olan tıxaclar aradan qaldırılmalı, daha sonra marşrut xətlərinin istiqamətləri müəyyənləşdirilməlidir. Bunun üçün qardaş Türkiyədən örnək götürmək olar. Ölkənin İstanbul şəhəri yollarında "Metrobus" deyilən bir sistem fəaliyyət göstərir.
Həmin nəqliyyat vasitələri üçün ayrıca yol müəyyən edilib. Sürücü yalnız əhatələnmiş, xüsusi yollarla hərəkət edərək, gediş-gəlişi təmin edir. Bu da avtobusların mənzil başına heç bir tıxaca, maneəyə rast gəlmədən, rahat şəkildə çatmasına şərait yaradır.
Eyni zamanda əlavə yoldan təcili tibbi yardım, yanğınsöndürən və polis maşınlarının istifadə etməsi digər bir üstün haldır. Yeni fəaliyyətə başlayan ekspres avtobuslarının fəaliyyətə başlamasının isə şəhərin ictimai nəqliyyat strukturunda ciddi bir dönüş yaradacağını düşünmürəm. Amma hər halda, bir eksperiment olaraq, nəticəni gözləyək".
Qeyd edək ki, ötən gün Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xəttində gediş haqqı daha əvvəl elan edildiyi kimi 60 qəpik deyil, 50 qəpik olacaq.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.