Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzairə səfərə gedib. Azərbauycan lideri Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edib. Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.
Səfəri “Sherg.az”a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, bu səfər Azərbaycanla Əlcəzair arasındakı əlaqələrin beynəlxalq səviyyədə inkişafına kömək edə bilər:
“Ərəb ölkələrinin hamısı islam Konfransı təşkilatının üzvüdür. Azərbaycanın da bu təşkilat çərçivəsində Ərəb ölkələri ilə ictimai-mədəni əlaqələri var. Əlcəzairdə keçirilən Ərəb Ölkələri Liqasında Azərbaycan prezidentini iştirakı da bu baxımdan təbiidir. Yəni bu əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün çox əhəmiyyətlidir. Bundan başqa indiki zamanda dövlətimizə yaxın olan ölkələrlə əlaqələr daha faydalıdır. Əlcəzair həm də vaxtilə Fransanın müstəmləkəsi olduqda, onlar tərəfindən soyqırımına məruz qalan bir ölkədir. Bu səfər həm də Azərbaycanla Əlcəzair arasındakı əlaqələrin beynəlxalq səviyyədə inkişafına kömək edə bilər. Digər tərəfdən isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ərəb ölkələrinin yatırım etməsi üçün yeni bir səhifədir. Bu baxımdan da ölkə başçısının səfərinin müsbət nəticə verəcəyi ehtimalı güclüdür”.