“Azərbaycanın İsraildə səfirlik açması çox vacibdir”

“Bizim niyə İsraildə səfirliyimiz olmasın. İranın Qafanda konsulluğu ola bilər, Azərbaycanın İsraildə səfirliyi ola bilməz?!”

“Əlbəttə ki, bu olmalıdır və tezliklə də start veriləcək"


"Müxtəlif mənbələrdə, xüsusilə İsrail mətbuatında verilən xəbərlərə görə yaxında İsraildə Azərbaycan səfirliyi açıla bilər"
Bunu "Sherg.az"açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib.
Analitik qeyd edib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər elə bir səviyyədədir ki, hansısa səfirliyə ehtiyacımız yoxdur:

"Ancaq istənilən halda rəsmi Bakının İsraildə səfirlik açması çox vacibdir. Biz bu günə qədər bəzi məsələləri nəzərə alıb, İranla münasibətləri pozmamaq üçün İsraildə səfirliyimizi açmırdıq. Lakin bizim orada səfirliyimiz olmasa da, xüsusi nümayəndə heyətimiz var. 

Hesab edirəm ki, bu prosesə mütləq şəkildə start verilməlidir və Azərbaycanın Təl-Əvivdə səfirliyi olmalıdır. Bu həm onlarla münasibətlərimizi daha da dərinləşdirməyə, həm də İrana çox ciddi mesajlar verməyimizə səbəb ola bilər.

Nəzərə almalıyıq ki, bizim ikili əməkdaşlıqlarımız üçüncü dövlətlərə qarşı yönəlməyib.Ümumilikdə İran - Azərbaycan munasibətlərinə baxası olsaq, bu gün İranın Azərbaycana qarşı mövqeyində müəyyən korrektələr müşahidə olunur. 

Xususilə İran Xarici işlər nazirliyinin"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir" deməsi bugünkü reallığın nəticəsidir. 

Onlar çox yaxşı anlayır ki, Azərbaycanda səslənən şeirin əks-sədası Güneydən gələcək. Bu hətta perspektivdə İran adlı dövlətin yox olmasına da gətirib çıxara bilər. 

Bütün bu mümkün risklər, İranı Azərbaycanın gücü ilə barışmağa məcbur edir. 

Digər tərəfdən isə bizim niyə İsraildə səfirliyimiz olmasın. İranın Qafanda konsulluğu ola bilər, Azərbaycanın İsraildə səfirliyi ola bilməz? Əlbəttə ki, bu olmalıdır və tezliklə də start veriləcək".