DTX düz edir! – Azərbaycandakı İran “ocaqları” tapılmalı və casuslar...”

“Düşünürəm ki, bu çox müsbət addımdır və daha da gücləndirilməlidir”

 
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Nəticədə İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması üzə çıxır. Bundan başqa həmin şəxslərin maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları aşkarlanır. 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər əldə olunur. Qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunubdur.
 Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.

İranın Azərbaycana qarşı olan pozuculuq təhdidlərinin həm xaricdən, həm də daxildən gücləndiyini deyən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a bildirib ki, bu istiqamətdə işlərin görülməsi vacibdir:

“İran açıq şəkildə Azərbaycanla sərhəddə təlimlər keçirir və  Arazı keçməyi məşq edir. Bununla da onlar Azərbaycana təhdid mesajı verir. Digər tərəfdən İran XİN-i Ermənistana səfər edərək Qafanda baş konsulluq açır. Daha sonra İrandakı hakimiyyətə yaxın media və siyasi fiqurlar Azərbaycana hücum edərək Naxçıvanı işğal etmək barəsində təkliflər verir. 

Güney Azərbaycanda isə soydaşlarımızın hüquları pozularaq həbs edilir. İranın apardığı xarici təhdidlərdən əlavə, Azərbaycanın daxilində  də müəyyən iğtişaşlar törədilməyə cəhd olunur. Yəni son lent yazılarında bəlli oldu ki, Azərbaycanın daxilindəki fərqli məkanlarda üsyanlar və qarışıqlıqlar yaratmağa çalışılacaq. Bunların qarşısını almaq üçünsə İran “ocaqları” tapılmalı və oradakı casuslar zərərsizləşdirilməlidir. Bu daimi prosesdir. 

Əgər İranın pozuculuq siyasəti davam edəcəksə, Azərbaycanın təhlükəsizlik orqanları da cəsusları tək-tək taparaq zərərsizləşdirəcək. Düşünürəm ki, bu çox müsbət addımdır və daha da gücləndirilməlidir. Çünki qarşıda İrana qarşı daha ciddi sanksiyalar və İsraildə keçmiş baş nazir Netanyahunun yenidən hakimiyyəti gəlməsi ilə bağlı siqnallar var.

  Netanyahu hakimiyyətə gəldikdən sonra isə həm İsrailin, həm də onun müttəfiqlərinin Tehrana qarşı təzyiqləri artacaq. İran isə bu təzyiqə, Azərbaycanda təxribat törətməklə cavab berə bilər. Ona görə də təhlükəsizliyin gücləndirilməsinə və daxildəki agentlərin təmizlənməsinə xüsusi ehtiyac var".