“Güneyli soydaşlarımızın şüarları  həmrəylik və Prezidentə təşəkkürdür”

"Ölkə başçısı ilk dəfə deyilki dünya Azərbaycanlıları ilə bağlı mesaj verir"
Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan Güneyli soydaşlarımızın əski Azərbaycan əlifbası ilə prezident İlham Əliyevə dəstək mesajı verməsinə münasibət bildirərkən deyib. 
O qeyd edib ki, güneyli soydaşlarımızın dəstək şüarları  həm qarşılqlı həmrəylik,həm də Azərbaycan prezidentinə bir təşəkkürdür:

"Ölkə başçısının Dünya Azərbaycanlılarının 3-cü qurultayında "Mən 50 milyonluq Azərbaycan türkünün prezidentiyəm" deməsi də bunları təstiqləyir. Yəni bir millətin rəhbəri olmaq, onun hüquqlarının müdafiəçisi olmaq deməkdir. 

Dünya Azərbaycanlılarının qurultayının Azərbaycanda keçirilməsi isə dünyada yaşayan bütün soydaşlarımızın vətəninin bura olması deməkdir. Bu baxımdan son prosesləri ölkə başçısının çıxışını, qurultayda dediklərinin davamı kimi qiymətləndirmək olar. 

Digər tərəfdən Prezident ilham Əliyevin çıxışı bütün türk dünyası ilə bağlı idi. Bu həm də, Çindəki Uyğur türklərinin, Orta Asiyadakı, Əfqanıstandakı və digər regionlardakı türklərin hüquqlarının qorunmasına şamil olunurdu. Ölkə başçısı bu mesajı ilə TDT-ni dünyada və Güney Azərbaycanda yaşayan türklərə laqeyd qalmamağa çağırırdı. 
 
 Analitik qeyd edib ki, Güneydəki soydaşlarımızın Prezident İlham Əliyevlə bağlı  plakatlarını və şüarlarını təbii qarşılamaq lazımdır:

"Bu o deməkdir ki, Güney Azərbaycan türkləri, Azərbaycan respublikasında baş verən hadisələri və Prezidentin çıxışını diqqətlə izləyirlər. Ölkə başçısının dediklərinə xoş münasibət bəsləyirlər. Onlar hesab edirlər ki, Azərbaycan respublikası öz vətənləridir və  ölkə başçımız da  onların prezidentidir.  Bu İranın daxili məsələsinə qarışmaq deyil, sadəcə qarşılıqlı həmrəylik nümayiş olunur".