“Bunun reallaşması isə həm Türkiyəyə, həm də Azərbaycana inanılmaz fürsətlər yaradır. Təbii ki, burada Ermənistan da fürsətlərdən yararlana bilər”
Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.
Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Məsələni “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Qarabağ münaqişəsinin həllindən sonra yaranan reallıq, birbaşa Türkiyənin milli maraqlarının spektoruna aiddir:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, bizim qədər Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. Burada həm Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması məsələsində,həm də bölgədə nəqliyyat xətlərinin açılması məsələsində Türkiyə birbaşa maraqlıdır. Ən azından ona görə ki, hazırda dünya Avrasiyaya doğru yönəlir. Bu mənada Çindən Londona gedən yola inteqrasiya etmək vacibdir. Ukrayna-Rusiya müharibəsindən sonra ənənəvi yolların sıradan çıxmasını müşahidə etdik. Ona görə də Zəngəzur dəhlizi get-gedə aktuallıq kəsb edir. Bunun reallaşması isə həm Türkiyəyə, həm də Azərbaycana inanılmaz fürsətlər yaradır.ş
Təbii ki, burada Ermənistan da fürsətlərdən yararlana bilər. Lakin militarist mövqeyi və işğalçı yanaşması regiondakı inteqrasiya proseslərində iştirakına imkan vermir. Bu mənada Soçi görüşündən sonra Ərdoğanın İlham Əliyevlə əlaqə saxlayaraq ümumi gedişata dair məsələlərlə maraqlanması çox vacibdir.
Digər tərəfdən Ermənistanla Azərbaycan arasındakı sülhün reallaşmasına ən böyük töhfə verən ölkələrdən biri də Türkiyədir. Hətta bir neçə gün öncə Ermənistanın baş nazirinin açıqlaması oldu ki, "Biz Türkiyə ilə prinsipial razılıq əldə etmişik, aramızda sərhədlərin açılmağı ilə bağlı heç bir problem qalmayıb”. Artıq Türkiyə Ermənistan Komissiyasının əldə etdiyi uğurlar imkan verirki, bu praktikanı Azərbycanla Ermənistan arasındakı münasibətlərin tənzimləməsinə tətbiq edək".
Bu mənada birincisi, Ərdoğanla Əliyev arasındakı təcrübələrin bölüşülməsi önəmlidir. İkincisi, Türkiyə güclüdür və həlledici rolu da çox böyükdür. Üçüncü isə Türkiyə Qafqazda vacib oyunçulardan biridir və onun mövqeyi nəzərə alınmalıdır".