“Biz səylərimizi cəmləşdirməliyik. Şimali Kipr Türk Cümhuriyyətini təşkilatımıza müşahidəçi üzv qəbul etdik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Kiprli qardaşlarımızın tək olmadığını göstərməklə həll prosesinə töhfə vermişik.
Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə “Sherg.az”a deyib ki, Bu addım TDT-yə daxil olan ölkələrin Şimali Kiprin yanında olduğu göstərir:
“Hazırda dünyanın geosiyasi xəritəsinin dəyişdirilməsi və yenidən müəyyən olunması heç kəsə sirr deyil. Bir çox regionda gedən bu proses türk məkanında da özünü göstərir. Gedişat isə deməyə imkan verir ki, Kipr daxilindəki dialoq demək olar dayanıb və burada Şimali Kiprin günahı yoxdur.
Çünki qarşı tərəfin qoyduğu tələblər reallıqdan uzaq görsənir. Belə halda da burada yaşayan insanlar, Şimali Kiprin cəmiyyəti, dünyadan və Türk birliyi ilə əməkdaşlıqdan təcrid oluna bilməz.
Bu addım həm də onu göstərir ki, TDT-ə daxil olan ölkələr Şimali Kiprin yanındadır. Digər tərəfdən hadisənin iqtisadi, humanitar nəticələri də olacaq. Ona görə ki, Şimali Kiprdə kifayət qədər ticarət prosesləri gedir. Bu əlaqələr əsasən Türkiyə ilə olsa da, digər qonşu ölkələrin investisiya sahiblərilə də möhkəmlənir.
Ona görə də bu addım Kiprdə yaşayan insanların və fəaliyyət göstərən sahibkarların xeyrinədir. Sözügedən məsələ həm də TDT-nin genişlənməkdə olduğunu göstərir".