“İranın ölkəmizə qarşı törətdiyi təxribatlar tənqid edilir”
“Cənub qonşumuz səfirimizi ard-arda XİN-ə çağırmaqla Azərbaycan tərəfinə təzyiq etməyi planlaşdırır”
“Ancaq indiki dönəmdə bu mümkün deyil"
Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ona “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Buna səbəb kimi guya ölkəmizin mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi göstərilib.
Məsələni “Sherg.az”a dəyərləndirən siyasi sərhçi Turab Rzayev bildirib ki, İran Azərbaycanın gərginliyi yüksəltməmək üçün daimi kompromisə getməsinə öyrəşib:
“Müharibə dövründə İranın Ermənistana minlərlə tır silah keçirdiyi, Azərbaycan ordusunun əlaqəsinə zədə vurduğu, kəşfiyyat məlumatlarını Ermənistana ötürdüyü halda, biz hadisələrin eskalasiya olmasını istəmədiyimiz üçün onlara qarşı yumşaq davranırdıq. Yəni Qarabağda haqq davası apardığımız bir zamanda yeni münaqişə ocağı yaratmaqdan uzaq dayanırdıq. Rəsmi Tehrana güzəşt etdikcə isə, onlar yenidən düşməncə davranmağa davam edirdi. İndi isə Azərbaycan cənub qonşumuzun təxribatlarına cavab verməkdədir.
İlk olaraq şifahi xəbərdarlıq edildi, daha sonra nota verildi. İndiki zamanda mediada və cəmiyyətin arasında Cənubi Azərbaycanın səsi duyulur və İranın Azərbaycana qarşı etdiyi təxribatlar tənqid edilir. Son zamanlarda DTX İran agenturasına qarşı apardığı əməliyyatlar zamanı isə Azərbaycanda axtarışda olan şəxslərin Qum şəhərində gizlənərək silahlı dəstələr yaratmağa cəhd etdikləri məlum olub. Bütün bunları artıq ölkəmiz bir fakt kimi ortaya qoyur. Hətta daha əvvəl rəsmi Bakı da Tehrana nota ünvanlamışdı”.
Analitikin sözlərinə görə İran tərəfi səfirimizi ard-arda XİN-ə çağırmaqla Azərbaycan tərəfinə təzyiq etməyi planlaşdırır:
“Ancaq indiki dönəmdə bu mümkün deyil. Düşünürəm ki, İran gərginliyin aradan qalxmasını istəyirsə, geri addım atmalı, Azərbaycana və onun dövlətçiliyinə qarşı düşmən mövqeyini dayandırmalıdır. Belə olacağı təqdirdə hansısa effekt görmək mümkün olacaq.
İranın səfirimizi bir neçə dəfə çağırması və nota verməsi isə rəsmi Bakı tərəfindən ciddi qəbul edilmir. Hazırkı Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi onu göstərir ki, Azərbaycan tərəfi geri çəkilərək güzəştə getmək niyyətində deyil".