“İranın adında islam respublikasi kəliməsinin olmasına baxmayaraq, Vatikan kimi teokratik bir ölkənin fərqli bir versiyasıdır”
Bunu “Sherg.az”a açıqlamasında İlahiyyatçı Elşad Miri İran agenturasının və onun əlaltısına çevrilmiş molla ruhani klanının Azərbaycanda necə formalaşmasından danışarkən deyib.
O bildirib ki, İran Quranda yazılan firqələrə bölünməyin fikrinin əksini həyata keçirir:
“Onlar bölücülüklə və insanların din anlayışından istifadə edərək özünə tərəfdar toplamaqla məşğuldur. Təəssüf ki, bu gün Azərbaycanda özlərini dindar sayan bəzi məzhəb nümayəndələri hansısa dini lideri təqlid edirlər.
Onlar Xamenei kimiləri təqlid etməyəcəyi təqdirdə isə namazının və orucunun qəbul olmayacağını düşünürlər. Biz bunların qarşısını almaq üçün insanlarımıza düzgün din anlayışını aşılamalıyıq.
Yəni Azərbaycan din anlayışının Qurana əsaslanaraq özünə uyğun bir modelini tədbiq etməlidir. Bu olmadıqca ölkəmizdəki insanlar özlərini hansısa məzhəblərə aid hesab edərək, xarici qüvvələrə yönələcək. Təkcə İran əlehimizə danışan və sərhəddimizə qoşun yığdığı zaman yox, daimi şəkildə bunun üzərində iş aparmalıyıq. Ümumiyyətlə, isə dövlət və xalq əl-ələ verib, hadisələrin kökünə enməlidir”.
Ekspert qeyd edib ki, dinin inkişafı ilə bağlı uzun illik proqramlar hazırlanmalıdır:
“Biz bunları vətənpərvər insanlarla birlikdə həll etmədikcə, dinləşdirilən idealogiyanın altından qalxmağımız mümkün olmayacaq. Sözügedən məsələləri bir xəbərdarlıq olaraq görməliyik. Düzdür DTX əməliyyatlar keçirərək onların qarşısını müəyyən qədər alır. Lakin bundan öncə sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarımıza qarşı xeyli yanlış və zərərli dini təbliğatlar aparılıb.
Bu işlərin qarşısının KİV-lər də ciddi iştirak etməlidir. Onlar din mövzusundan çəkinməməli və debatlar apararaq əhalini marifləndirməyə yardımçı olmalıdır”.