Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb. Danışıqlar çərçivəsində rəsmi Tbilisinin Ermənistan-Azərbaycan dialoqunda vasitəçilik rolu müzakirə edilib.
Bu barədə Gürcüstan Baş nazirinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə regionda, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə, o cümlədən Ermənistan-Azərbaycan danışıqlarında Gürcüstanın vasitəçilik roluna da toxunulub. İrakli Qaribaşvili qeyd edib ki, müzakirə istənilən münaqişənin həll və irəliləyişini təmin etmək üçün yeganə vacib yoldur.
İ.Qaribaşvili və F.Riker Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığının əhəmiyyətini müzakirə ediblər. İki ölkə arasında əməkdaşlıq sahəsində atılan addımlar sayəsində strateji tərəfdaşlığın müsbət dinamikası vurğulanıb. Görüşdə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün tam öhdəlik ifadə olunub.
Məlumat üçün bildirək ki, görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Gürcüstan hökuməti administrasiyasının başçısı Revaz Cavelidze də iştirak ediblər.
Bunun çox ideal addım olduğunu deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, regional dövlətlərin öz arasında dil tapması daha effektivdir:
"Azərbaycanla Ermənistanın məsələni öz arasında həll etməsi, kənar qüvvələrin müdaxiləsindən daha yaxşıdır. Eyni zamanda Gürcüstanın da vasitəçiliyi çox ideal bir ortaq yoldur. Çünki indiki məqamda Fransa vasitəçilikdə israrlıdır və Ermənistan da bunu istəyir. Lakin Azərbaycan buna tamamilə qarşıdır. Vəziyyətdən çıxış yolu kimi isə rəsmi Tbilisinin vasitəçiliyinin önəmli olacağını düşünürəm. Ümumiyyətlə, region ölkələri öz aralarındakı məsələni həll edə bilsələr, kənar qüvvələrə ehtiyac qalmaz".