Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Anniken Huitfeldt ilə görüşüb. C.Bayramov həmkarını Ermənistanın yaratdığı mina təhlükəsi ilə bağlı məlumatlandırıb.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional və beynəlxalq vəziyyət müzakirə olunub.
C.Bayramov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində müxtəlif istiqamətlərdə, xüsusilə də energetika, neft və qaz sənayesinin inkişafı sahəsində münasibətlərin inkişaf etdiyini bildirib.
Nazir, həmçinin post-münaqişə dövründə regional vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səyləri, Ermənistan tərəfinin təxribatları, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfə məlumat verib.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, istər Norveç, istərsə də başqa dövlətlərin və təşkilatların Azərbaycanın haqq davasına yekdil şəkildə dəstək verəcəyini gözləmək bir az sadəlövhlük olardı:
"Çünki hər bir dövlətin öz maraqları var. “Həmin ölkələr Azərbaycanın məsələlərini həll edəcək” deyə bir gözləntimiz olmamalıdır.
Amma Ceyhun Bayramovun həqiqətlərimizi dünyada nüfuz sahibi olan ölkələrə çatdırması çox yaxşı haldır. Biz vətən müharibəsində də gördük ki, Qarabağı nə BMT-nin 4 qətnaməsi, nə də digər ölkələr azad etdi.
Özümüz hər şeyi həll etdik və gerçəkləri dünyaya çatdırdıq. Əsas görməli olduğmuz iş həqiqətləri siyasi masalarda göstərməyə davam etməkdir.
Bakı diplomatik arenada XİN səviyyəsində dayanmadan çalışmalıdır. 2020-ci ildə şahidi olduq ki, hərbi əməliyyatlara başladığımız zaman heç kəs Azərbaycana qarşı addım atmağa cəsarət etmədi.
Ona görə ki, rəsmi Bakı həqiqəti dünyaya çatdırırdı və anti-Azərbaycan mövqeyində olan qüvvələr belə bunların qarşısında susmağı məcbur oldular. İndi də eyni prosesi davam etdirməliyik və bununla paralel şəkildə ideal zaman yetişdiyində ermənilərə hərbi müstəvidə cavab verərək onların cılız iddialarını sonlandırmalıyıq".