“Bununla Xankəndidə ermənilərin silahlanması arzusu suya düşəcək və İran mübhəm şəxsləri Xankəndinə göndərə bilməyəcək”
“Beləliklə Laçın yolundakı yoxlama Qarabağ ermənilərinin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasına şərait yaradacaq”
“Əks halda, onlar Azərbaycan torpaqlarına "vida" deyərək gedə bilərlər. Bu da olmasa, Azərbaycanın cinayət qanunvericiliyinin tələbləri ilə antiterror əməliyyatları aparması üçün şərtlər asanlaşacaq”
Dünən Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla və rusiyalı həmkarı Sergey Lavrov Moskvada görüş baş tutub. Müzakirə zamanı C.Bayramov, post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Nazir həmçinin Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb.
Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan C.Bayramov, Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin rəsmi İrəvan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.
Görüşün gizlinləri “Sherg.az”a açan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, XİN başçılarının danışıqları Azərbaycan və Rusiya arasındakı qızıl söhbətində də razılaşma olduğunu göstərir:
“Rusiyanın sülhməramlılar və ya digər vasitələrlə Azərbaycan qızıl yataqlarının bir hissəsini qanunsuz istismar etmək sevdası Bakının hiddətinə səbəb olmuşdu. Rusiyadan Azərbaycan-Ermənistan gündəliyində birinciyə qətiyyətli dəstək göstərməsi Bakının onu hansı tezislərlə inandırmağına dair suallar meydana çıxarır. Hərçənd ki, Kremlin özü də bir çox məsələdə Azərbaycanı inandırır, Bakını itirmək qorxusundan ehtiyatlanır. Azərbaycanı Qərbin strateji maraqlarının öhdəsinə verməmək üçün cəlbedici təhlükəsizlik modeli irəli sürür. Təbii ki, Azərbaycan dövləti Moskvadan gələn təkliflərin hamısına dərin etibar bəsləmir, amma hər halda bu, Bakı-Moskva gündəliyini tərəfdaşlıq ovqatına kökləyir”.
Analitik qeyd edib ki, Bayramov-Lavrov danışıqları bir neçə hadisə fonunda diqqət çəkir:
“Birincisi, Qərbin sülh gündəliyində monopoliya yaratmaq cəhdidir. İkincisi, İranın Azərbaycana qarşı təhdidləridir. Üçüncüsü, Zəngəzur dəhlizinin Moskvanın tərəzisindəki çəkisinin artmasıdır. Hazırda ən şiddətli rəqabət Zəngəzur dəhlizinə kimin nəzarət etməsi uğrunda gedir. Qarabağda baş verənlərin bir qismi də bununla bağlıdır.
Rusiya regiona yaxınlıq səbəbindən bölgəyə təsir imkanlarını itirməyib, lakin Ukraynadakı müharibənin yorğunluğu Moskvanı Zəngəzur dəhlizinin nəzarətçisi olmaq qismindən çıxara bilər.
Ona görə də, Moskva Bakı ilə yaxınlığa məhkumdur və öz maraqlarının təminin Azərbaycan-Türkiyə xətti vasitəsilə gerçəkləşdirmək istəyir. İran məsələsində isə Rusiya istəsə də, istəməsə də, Qərbin oxuna çevrilib. Yəni Moskva Tehrana dəstək vermək öhdəliyini hiss etmir və bu da onun Bakıya siyasi sərmayə yatırmasına səbəb olur.
Görüşdə Şimal-Cənub dəhlizinin qabardılması Rusiyanı Zəngəzur dəhlizini həmin beynəlxalq marşruta inteqrasiya etdirməsinin və İranın da prosesdən pay almasının göstəricisi kimi şərh edilə bilər. Rusiya Azərbaycanla İranın didişməsini deyil, ortaq maraqlarla çıxış edib Moskvanın mühərrikini işə salmasını istəyir. Burada isə Tehranın bir öhdəliyi yada düşür: Rəşt-Astara dəmir yolunun öz ərazisindəki tikintisini yekunlaşdırmaq”.
Qarabağla bağlı məqamlara bir daha diqqət çəkən A.Kərimovun sözlərinə görə, Rusiya artıq status mövzusunda israrlı deyil:
“İndi Moskvanı daha çox qızıldan öz nəsibini almaq düşündürür. Bu baş tuta bilər, amma təxribatlarla deyil. Bakı-Moskva trafikində ikitərəfli iqtisadi münasibətlərə əsaslanan təkliflər paketi ilə qızıl yataqlarının birgə hüquqi istismarına dair nəticə əldə oluna bilər. Laçın yolundakı Azərbaycanın quraşdıracağı gömrük postuna gəlincə, bu, o deməkdir ki, Xankəndidə ermənilərin silahlanması arzusu da suya düşürdü.
İrana Gorus-Qafan yolundan sonra Gorus-Xankəndi yolunda da "tıxac" vuruldu. Yəni, İran mübhəm və sirli şəxsləri Xankəndinə göndərə bilməyəcək. Gömrük postu o deməkdir ki, Laçından Azərbaycanın digər ərazilərinə gedib-gələnlərin pasportlarına möhür vurulacaq və qondarma qurumun pasportları etibarsız sayılacaq. Beləliklə Laçın yolundakı yoxlama Qarabağ ermənilərinin Azərbaycan ictimai-siyasi həyatına inteqrasiyasına şərait yaradacaq.
Əks halda, onlar Azərbaycan torpaqlarına "vida" deyərək gedə bilərlər. Bu da olmasa, Azərbaycanın cinayət qanunvericiliyinin tələbləri ilə antiterror əməliyyatları aparması üçün şərtlər asanlaşacaq”.