Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. O Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Xalqımız Ulu öndərə o qədər böyük rəğbət və ehtiram bəsləyir ki hər dekabrın 12-si onun anım günü kimi qeyd edilir.
Heydər Əliyevin dahi şəxsiyyət və siyasi xadim olduğunu deyən millət vəkili Aqil Abbas "Sherg.az" bildirib ki, Azərbaycan dövlətçiliyində Ulu öndərin fəaliyyəti çox böyükdür və onu saymaqla bitirmək olmaz:
"Bu gün Azərbaycan dövləti öz varlığını Heydər Əliyevə borcludur. Onun uzaqgörən siyasəti sayəsində dövlətimiz bu günlərə gəlib çıxıb. Ulu öndərin varisi Prezident ilham Əliyev isə bu siyasəti uğurları davam etdirir.
Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad edilməsi idi ki, Cənab Ali Baş Komandan bunu həyata keçirdi. Çünki o çox düzgün bir siyasi xətt yürüdür.
Prezident torpaqlarımızı azad etməklə təkcə ata nəsihətini yox, bütün Azərbaycan xalqının arzusunu reallaşdırdı. Bununla da 200 illik məğlubiyyət tariximizə qələbə yazıldı".