Azərbaycan Albaniya münasibətləri yeni müstəvidə: “Əlaqələr möhkəmlənir”

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib:

- Xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. 

Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz.

Albaniyanın Baş nazir Edi Rama deyib:

-Təşəkkür edirəm cənab Prezident. Bu, mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir. Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik. Təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.
Daha sonra dövlət başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.

Albaniya Baş nazirinin səfərinin vacib olduğunu deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında vurğulayıb ki, iki ölkə arasındakı əlaqələr get-gedə daha da möhkəmlənir:

“Bu yaxınlarda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin də Albaniya və digər Balkan ölkələrinə səfəri baş tutub. Bu səfərlərin əsas məqsədi isə həmin ölkələrlə əməkdaşlığın genişləndirilməsidir. Digər tərəfdən ölkəmizin həyata keçirdiyi enerji layihələri Balkan ölkələrinin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. 

Eyni zamanda bizim çoxşaxəli iqtisadi sahədə əlaqələrin inkişafına dair də böyük potensial yaranıb. Albaniya baş nazirinin Azərbaycana səfəri hər iki ölkənin gələcəkdəki əməkdaşlığını genişləndirmək üçün çox vacibdir. Ümumiyyətlə, son zamanlar Albaniya ilə Azərbaycan arasında qarşılıqlı səfərlər baş tutur. Ortada olan əsas mövzu isə Azərbaycanın Avropa və Balkan ölkələri üçün həyata keçirdiyi enerji layihələridir".