“Rəsmi İrəvan iki başlı oyunlar qurur” – Putin Paşinyana anladacaq

“Onlar bir yandan Rusiyaya baş əyərək "Biz müttəfiqik, sülh müqaviləsi sizin əlinizlə olmalıdır" deyir, digər tərəfdən isə Avropanın və ABŞ-ın, proseslərə cəlb edilməsinə çalışır”

“Yəqin ki, Rusiya prezidenti Paşinyandan əsas məsələ ilə bağlı mövqelərini aydınlaşdırmağı tələb edəcək"


Dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat yayıb.
Bildirilir ki, görüş Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində baş tutacaq.

Görüşün gizlinlərini “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov vurğulayıb ki, Bişkekdə baş tutacaq Paşinyan -Putin görüşünün əsas müzakirə mövzusu sülh prosesi ətrafında olacaq:

"Bişkekdə Avrasiya iqtisadi məkanının gündəliyi əsas diqqət obyektinə çevriləcək. Çünki orada təkcə Ermənistan rəhbərliyi yox, bütün Avrasiya iqtisadi məkanına düşən ölkələr iştirak edəcəklər. Digər tərəfdən burada Putinlə Paşinyanın görüşü də baş tutmalıdır. Onlar fürsətdən istifadə edərək bölgədəki vəziyyəti müzakirə edəcəklər. Ona görə ki, hazırda İrəvan iki başlı oyunlar qurur.  

Onlar bir yandan Rusiyaya baş əyərək "Biz müttəfiqik, sülh müqaviləsi sizin əlinizlə olmalıdır" deyir, digər tərəfdən isə Avropanın və ABŞ-ın, proseslərə cəlb edilməsinə çalışır.  Yəni İrəvanın niyyətləri bəllidir. Bildiyimiz kimi sülh müqaviləsinin iki versiyası artıq hazırdır. 

Bunlar Bakı və Moskva tərəfindən verilən təkliflərdir. Ümumiyyətlə, Ermənistan Qərbin təzyiqlərinə dözüm gətirə bilmir və bütün qütblərlə münasibətlərini itirməməyə çalışır. Ancaq bu düzgün yanaşma deyil. Azərbaycanın İrəvana ikitərəfli format təklif etməsinə baxmayaraq, onlar özbaşına hərəkət etməkdən qorxurlar. 

Bu isə bir daha Ermənistanın xarici qüvvələrdən asılı olduğunu göstərir. Bu səbəblə də Bişkekdə baş tutacaq Paşinyan- Putin görüşünün əsas müzakirə mövzusu sülh prosesi ətrafında olacaq. 

Çünki Ermənistan çoxçeşidli hərəkətlər edərək bir model üzərində dayanmır. Bu da işin aparılmasına zərər verir. Yəqin ki, Rusiya prezidenti Paşinyandan əsas məsələ ilə bağlı mövqelərini aydınlaşdırmağı tələb edəcək".