Özbəkistanın energetika naziri Jorabek Mirzəmahmudov Rusiyanın Mərkəzi Asiya ölkəsinin də iştirak etdiyi “qaz ittifaqı” təklifini kəskin tənqid edib. O bildirib ki, Daşkənd özünün milli maraqlarına xələl gətirəcək siyasi şərtlərlə razılaşmayacaq.
Qeyd edək ki, ötən ay Rusiya Qazaxıstan və Özbəkistanla üç ölkə və digər alıcılar, o cümlədən Çin arasında tədarükləri dəstəkləmək üçün qaz ittifaqını müzakirə etdiyini bildirib. Bu, Ukraynada müharibəyə başladıqdan sonra Moskvanın Avropa İttifaqını Rusiyanın enerji resurslarından asılılığını kəskin şəkildə azaltmağa sövq edən strategiyasını dəyişməsinin bir hissəsidir.
Lakin Mirzəmahmudovun sözlərinə görə Özbəkistan hələlik təklif almayıb.
“Rusiya ilə qaz müqaviləsi imzalansa belə, bu, müttəfiqlik demək deyil”, - deyə o, Rusiya qazının Qazaxıstan ərazisindən keçən boru kəməri ilə nəqlinə dair danışıqların aparıldığını, lakin bunun ittifaq yox, “texniki müqavilə” olacağını söyləyib:
“Başqa ölkədən qaz idxal edən zaman biz yalnız kommersiya alqı-satqı müqaviləsi əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qazın müqabilində siyasi şərtlərlə razılaşmayacağıq. Bir sözlə, bizə təklif olunan qaz müqaviləsini yalnız o halda alacağıq”.
Məsələni "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Özbəkistan bununla öz praqmatik maraqlarından çıxış edir:
"Yeri gəlmişkən Özbəkistan baş nazirinin müavini də “Konkret müqavilələr üzərindən münasibətlər qurmağa üstünlük veririk” deyib. Müqavilələr isə əslində kommersiya tiplidir və əlavə siyasi şərtlər olmur.
Çünki sənədlər qazın həcmi, tranzit haqları kimi parametrlərlə müəyyən olunur. Özbəkistan tərəfinin kommersiya maraqları mövcud olsa və xeyirini görsə, yəqin ki bu əməkdaşlıqdan imtina etməz.
Yox əgər burada sırf siyasi məqsədlər və ittifaqdan söhbət gedirsə, o zaman nə Qazaxıstan, nə də Özbəkistan buna gedəcək".