Aİ-nin monitorinq qrupu sülh prosesini ləngidir - Fransanın “barmağı” görünür


“Onlar Paşinyan hakimiyyətinin provokasiya yaratması üçün şərait əldə etməsinə gətirib çıxarır”

“Bu missiya məhz anti-Azərbaycan siyasətinə xidmət etmək üçün göndərilib”


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Görüşdə Ermənistan və Azərbaycan arasında sülh prosesi, mövcud münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.
Ermənistanın Nazirlər Kabinetindən verilən məlumata görə, Paşinyan və Klaar həmçinin regionda sülh, delimitasiya, kommunikasiyaların açılması və Aİ-nin monitorinq missiyasının işindən danışıblar.

Klaarın ermənipərəst olduğunu qeyd edən politoloq Məhəməd Əsədullazadə “Sherg.az”a deyib ki, səfərin əsas qayəsi Aİ-nin müşahidəçi missiyasının vaxtının uzadılmasına xidmət edir: 

“Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədinə missiya göndərməsi barəsində Praqada keçirilən 4 tərəfli görüşdə razılıq əldə olunub.

Bu müəyyən müddətdə nəzərdə tutulub. Amma rəsmi İrəvan müddətin uzadılmasını təklif edir. Qeyd edim ki, ATƏT-in Ermənistana göndərdiyi qiymətləndirici müşahidə missiyasının da qanunsuz olduğu bəlli olub. 

Aİ-nin monitorinq qrupunun Ermənistanda olması İrəvanla Bakı arasında sülh prosesinin ləngiməsinə və Paşinyan hakimiyyətinin provokasiya yaratması üçün şərait əldə etməsinə gətirib çıxarır. Yəni missiya məhz Fransanın dəstəyi ilə anti-Azərbaycan siyasətinə xidmət etmək üçün göndərilib. 

Buna görə də Azərbaycan tərəfi konkret addımlar ortaya qoymalı və monitorinq qrupunun hesabatlarını qəbul etməməlidir. Çünki bu missiyanın fəaliyyəti qaranlıqdır və birbaşa Ermənistanın təxribatçı maraqlarına xidmət edir".