"Aksiya yalnız qarşıya qoyulan məqsədə çatdıqda, yəni ekoloji terrora son qoyulduqda yekunlaşacaq"
Bunu "Sherg.az"a açıqlamasında Aksiyada iştirak edən Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri, jurnalist Sevinc Fədai bildirib.
O qeyd edib ki, aksiyanın əsas məqsədi vətəndaş cəmiyyətinin və gənclər təşkilatının tələblərinin Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova çatdırılmasıdır:
"Bizə verilən məlumata görə, Volkov artıq bura yaxınlaşır. Onun Xocalıda olduğu bildirilirdi və 3 saat ərzində gəlməyi gözlənilir. Ümümiyyətlə, artıq 4 saatdan çoxdur ki, buradayıq və Volkovun gəlməsini gözləyirik. Bizim əsas istəklərimiz Azərbaycan təbiətinə və ekologiyasına zərər verməyə son qoyulmasıdır. Yəni rus sülhməramlılarından Qarabağın təbbi sərvətlərinin qeyri-qanuni istifadəsini və ekoloji terrorun dayandırılmasını tələb edirik.
Aksiya iştirakçılarının yüksək əhval-ruhiyyəsi var. Orada şüarlarla yanaşı Qarabağa aid vətənpərvər musiqilər də səslənir. Ərazidə çadırlar qurulub və hər kəs Volkov gəlmədiyi təqdirdə gecəni çadırlarda keçirəcəyini bildirir".
Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.