Rusiya Müdafiə Nazirliyinin 12.12.2022-ci il saat 19:00 tarixli bülletenində yer alan informasiya Qarabağdakı erməni separatçıları qəzəbləndirib.
Belə ki, Rusiya MN-in Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə dair gündəlik yayımladığı açıqlama separatçıların gözləntilərini doğrultmayıb.
Ermənilər Şuşa-Xankəndi yolunda baş verən hadisələrə Rusiya MN-dən özlərinə sərf edən reaksiya gözləsələr də, sülhməramlı missiyanın fəaliyyətinə dair açıqlamada bununla bağlı heç bir xatırlatmaya yer verilməyib.
Bu isə sosial şəbəkənin erməni seqmentində rezonans doğurub. Erməni istifadəçilər Rusiyanı onları “satmaq”da ittiham ediblər.
Görünür, Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazisində istənilən aksiyanı keçirməkdə tam sərbəst olması həqiqətini separatçılar öz riyakar xislətləri səbəbilə dərk edə bilməsələr də, Rusiya MN ən azından bu ali həqiqəti anlamaqda çətinlik çəkməyib.
Məsələni "Sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki Rusiyanın hərbi-siyasi rəhbərliyində hadisə ilə bağlı vahid yanaşma yoxdur:
"Rusiya rəhbərliyində müxtəlif fikirlər ola bilər. Bu sənəddə də onların nə planladığını şərh etmək çətindir. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan tərəfi haqlı narazılıqlarını bildirir. Rusiya tərəfinin isə bu narazılığa adekvat cavabı yoxdur. Əgər cavabları olsa idi, zamanında verərdilər.
Digər tərəfdən heç Volkov da nümayişçilərin qabağına çıxmır. Onun gəlişi ilə heç olmasa cavab ala bilərdik. Amma bülletendə də məsələ ilə bağlı heçnə yoxdur.
Bu isə rəsmi Moskvanın məsələyə reaksiya verməyə tələsmədiyini göstərir. Kreml tərəfindən veriləcək cavabın isə adekvat olacağını ümid edirəm. Yəni hadisələrin müsbətə doğru irəliləməsi üçün monitorinq qrupu əraziyə buraxılmalıdır".