Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
Bu barədə erməni baş nazirin mətbuat xidməti məlumat yayıb.
İclasda bölgədə baş verən hadisələr, xüsusən də Laçın yolundakı son vəziyyət müzakirə edilib.
Məsələyə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı vurğulayıb ki, Paşinyanın Təhlükəsizlik şurasını çağırmaqda məqsədi bölgədə baş verən və gələcəyi qeyri-müəyyən olan hadisələri dəyərləndirməkdir:
"Çünki hazırdakı aksiyalar sakit tempdədir və heç bir ciddi təxribat yoxdur.
Lakin hərarət yüksəkdir və hər an istənilməz hadisə baş verə bilər. Bu isə vəziyyətin maksimum dəyişməsinə və hətta hərbi qarşıdurma risklərinin olmasına gətirib çıxaracağı ehtimalı var.
Dövlət rəsmiləri isə bu kimi riskləri öncədən dəyərləndirib, buna uyğun olaraq siyasətini müəyyən etməlidir. Paşinyanın da Təhlükəsizlik Şurasını çağırmasının səbəbi budur. Digər tərəfdən hazırda Paşinyanın erməni ordusunun əhəmiyyətli qismini və ağır texnikaları Qarabağdan çıxarmaq haqqında qərar qəbul ediyi barəsində xəbərlər yayılıb.
Məhz bu xəbərdən sonra Paşinyanın Təhlükəsizlik Şurasını çağırması, rəsmi İrəvanın bölgədə yeni hərbi qarşıdurmaya hazır olmadığının xəbərçisidir. Çünki iki il əvvəl Ermənistan ordusu tamamilə darmadağın olduğu bir məğlubiyyətlə üzləşib. İki il ərzində isə dağılmış bir ordunu müharibəyə hazır vəziyyətə gətirmək qeyri-mümkündür.
Ümumiyyətlə, yəqin ki, Ermənistan baş naziri qarşıdurmalardan qaçmaq üçün Şuranı çağırıb və risklərdən sığortalanmağın mümkün yollarını düşünür. Paşinyan yaxşı fərqindədir ki, yeni qarşıdurma onun sonu ola bilər. Onların şuranı çağırmaqda başqa məqsədlərinin olduğunu isə düşünmürəm".