Saakaşvili azadlığa buraxıla bilərmi? – AKTUAL 

“Ehtimal var ki, onu azadlığa  buraxsınlar”

“Gürcüstan hökuməti bilir ki, müxalifətin əsas gücü məhz Saakaşvilinin kimliyində toplanıb”

“Sabiq prezidentin başına gələnlər həm özünün, həm də Qərbin səhvlərinin nəticəsidir”


Gürcüstanın həbs olunmuş sabiq prezidenti Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirakının təmin edilməsini tələb edir.
“Sputnik-Georgia” xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.
Sabiq prezidentin cəzasına təkrar baxılması ilə bağlı dekabrın 14-nə təyin edilmiş bağlı məhkəmə iclası onun səhhəti ilə əlaqədar olaraq dekabrın 22-nə təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə iclasa məsafədən qoşulmanı təmin etmək imkanından məhrum olduğunu açıqlamasından sonra qəbul edib.

"Bu gün məni ən elementar hüququmdan - məhkəmədə iştirak etməkdən məhrum etdilər. Bu, Gürcüstan qanunlarının və beynəlxalq normaların pozulmasıdır. Ona görə də etirazın ən son forması olan aclıq aksiyasına əl atmağa məcburam", - Saakaşvilinin Xaçapuridze tərəfindən oxunan bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası elan edib. Onun birinci dəfə, saxlanıldığı gün - 2021-ci il oktyabrın 1-də elan etdiyi aksiya 50 gün davam edib və sabiq prezidentin səhhətinə mənfi təsir göstərib.

M.Saakaşvilinin məhkəmədə iştirak edilməməsinin səbəblərini "Sherg.az"a dəyərləndiran siyasi şərhçi Turab Rzayevin qəanətincə, Gürcüstan hökuməti bilir ki, müxalifətin əsas gücü məhz Saakaşvilinin kimliyində toplanıb:

"Onu özlərinə təhlükə gördükləri üçün isə Qərbin təzyiqlərinə baxmayaraq həbs edildi. Digər tərəfdən hakimiyyət dərk edir ki, əgər eks-prezidenti azadlığa buraxsalar, o yenidən müxalifəti dirçəldə bilər. Hazırda iqtidarın son seçkilər zamanı səs faizinin o qədər də yüksək olmadığı göründü. Saakaşvilinin həbsə atılmasından sonra isə partiya daxilində parçalanma yarandı. Yəni üzvlər arasında danışıqlar meyl edənlərin, başqa partiyalara keçənlərin və hətta rüşvət qarşılığında satılanların sayı artdı. Əgər eks-prezident yenidən başa keçsə idi, mövcud vəziyyət dəyişə bilərdi. Ona görə də onu ömrünün sonuna qədər dəmir barmaqlıqlar arxasında saxlamağa çalışırlar. Ən son isə bunları başa düşən Saakaşvili, onu buraxmaları üçün siyasətdən getdiyini bildirdi. Məhkəmədə çıxışına icazə verilməməsinin arxasında isə edəcəyi çıxışın riskli olması dayanır. Ola bilsin ki o alovlu bir nitq söyləsin. Hərçənd sağlıq durumu buna imkan verməyəcək. Məhkəmənin qərarı barəsində danışmaq çətindir. Ehtimal var ki, onu azadlığa  buraxsınlar. Ancaq çıxışa icazə verilsə, bu mətbuatda yayımlanacaq və bunun qarşısını almağa çalışırlar".

Analitik qeyd edib ki, Saakaşvilinin başına gələnlər həm özünün, həm də Qərbin səhvlərinin nəticəsidir:

"O üçüncü dəfə də prezident seçilə bilərdi. Ancaq bu məsələdə ABŞ-nin “Mütləq dəyişiklik olmalıdır şərtini qoyması” onun yolunu bağladı. Nəticədə isə hakimiyyətə rus meyilli oliqarx gəldi. Onun hakimiyyəti gəlişindən sonra isə, ölkənin idarəsi ruspərəstlərin əlinə keçdi. 

Saakaşvilinin əldə etdiyi qazanclar artıq geriləməyə doğru gedir. Ümumiyyətlə, Saakaşvilini yıxan Obama administrasiyasının onun resbublikaçılarla dosluğunu qısqanması və dəstəyini çəkməsi oldu. 

Daha sonra isə şəxsi paxıllıq zəminində Saakaşvilinin Ukraynada karyerasını davam etdirməsinə imkan verilmədi. Həm Poroşenko onun  Ukraynaya rəhbərlik edəcəyindən qorxurdu, həm də erməni əsilli Avakov onu qısqanırdı. Baş nazir olmağa namizədliyi veriləndə isə Zelenski önünü kəsdi. 

Güya ki, öz partiyasına söz keçirdə bilmədi. Nəticədə də Saakaşviliyə verilən sözlər tutulmadı".