“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün baş tutması üzərində iş gedir”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib:
“Onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər”.
Bununla belə, D.Peskov vurğulayıb ki, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində üç ölkə lideri arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılıq əldə edilməyib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, sərhəddə insident olduqdan dərhal sonra Ermənistan tərəfi təkliflər səsləndirir:
"Yəni sülhə hazırlıq gedir və yeni kommunikasiyalar açacağıq deyirlər. Bununla isə əslində “Ermənistan sülh axtarır, sülhü qəbul etməyən Azərbaycandır” rəyini yaratmağa çalışırlar. İndi baş verənlər isə rəsmi İrəvanın və Paşinyanın xarici siyasətinə mənfi təsir göstərir.
Bu səbəblə də Paşinyanın indiki məqamda müəyyən nəticələrə razı olma ehtimalı var. Bu ehtimallar təzyiqi qəbul etməsinə və mümkün görüşə razılıq verməsinə səbəb olur.
Ümumiyyətlə, beynəlxalq birlikdən mövqelərlə bağlı tərəfli açıqlamalar gəldikdə ilk növbədə Rusiyanı görürük.
Sülhə yönəlik çağırışlar isə AB və ABŞ dan gəlir. Yəni bu mərhələdə təşəbbüs onlar tərəfindən irəli sürülüb. Kreml isə Qərbin təşəbbüsünün qarşısını almaq niyyəti güdür.
Bu niyyət üçün isə rəsmi Moskva indi yaranan vəziyyətdən istifadə edəcək. Siqnalları verilən üçtərəfli görüş də məhz buna planlanır".